Küveyt Xarici İşlər Nazirliyi İran İnqilab Keşikçiləri Korpusu ilə əlaqəli olduğu bildirilən silahlı qrupun Bubiyan adasına daxil olmağa cəhd etməsindən sonra İranın Küveytdəki səfiri Məhəmməd Tutuncini nazirliyə çağırıb.
Turkustan.az xəbər verir ki, nazirliyin yaydığı açıqlamaya əsasən, xarici işlər nazirinin müavini Hamed Süleyman əl-Mişan İran səfirinə hadisə ilə bağlı rəsmi etiraz notası təqdim edib.
Açıqlamada qeyd olunub ki, silahlı qrupun Küveytə qarşı düşmənçilik xarakterli fəaliyyət həyata keçirmək məqsədi daşıdığı iddia edilir. Rəsmi Küveyt hadisəni “düşmənçilik aktı” kimi qiymətləndirərək, İrandan bu cür addımlara dərhal və qeyd-şərtsiz son qoymağı tələb edib.
Nazirlik bildirib ki, baş verənlər ölkənin suverenliyinə açıq təhdid olmaqla yanaşı, beynəlxalq hüququn və BMT Nizamnaməsinin pozulması hesab olunur.
Bəyanatda həmçinin vurğulanıb ki, Küveyt BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququnu özündə saxlayır və suverenliyini, eləcə də vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün zəruri hesab etdiyi bütün tədbirləri görmək hüququna malikdir.
Aytən Yaşar/ Turkustan.az