ABŞ və İsrailin hücumları ilə başlayan İranla bağlı gərginlik fonunda atəşkəs və dolayı danışıqlar davam etsə də, Vaşinqton Tehranın yeni təklifini qəbul etməyib.
Turkustan.az xəbər verir ki, məlumata görə, İran ABŞ-a Hörmüz boğazının açılması, dəniz blokadasının ləğvi və nüvə proqramı ilə bağlı mübahisələrin daha sonra müzakirə olunmasını nəzərdə tutan təklif irəli sürüb. Lakin ABŞ prezidenti Donald Tramp bu yanaşmanı müsbət qarşılamayıb.
“The New York Times” qəzetinin Ağ Evdəki Vəziyyət Otağında aparılan müzakirələrə yaxın mənbələrə istinadən verdiyi xəbərə görə, Tramp müşavirlərinə bildirib ki, İranın müharibənin dayandırılması və boğazın açılması ilə bağlı təklifi onu qane etmir.
Danışıqların detalları ilə tanış olan ABŞ və İran rəsmiləri qeyd edirlər ki, Tehran bu çərçivədə Vaşinqtondan dəniz blokadasına son qoymağı və nüvə proqramı ilə bağlı məsələlərin gündəmdən çıxarılmasını istəyib.
Qeyd edək ki, İran daha əvvəl də ABŞ-ın nüvə proqramının dayandırılması və yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının təhvil verilməsi ilə bağlı təkliflərini rədd edib.
Aytən Yaşar/ Turkustan.az