WP: Hörmüz boğazında mina təmizlənməsi 6 ay çəkə bilər


ABŞ mediası Hörmüz boğazında minaların tam təmizlənməsinin altı aya qədər çəkə biləcəyini və bu prosesin ABŞ-İsrail və İran arasında baş verən müharibə başa çatmadan əvvəl həyata keçirilməsinin ehtimalının aşağı olduğunu iddia edir.

Turkustan.az xəbər verir ki, “The Washington Post” qəzetinin adı açıqlanmayan üç rəsmi mənbəyə istinadən verdiyi məlumata görə, Pentaqonun yüksək vəzifəli nümayəndəsi Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi üzvlərinə məxfi təqdimatda Hörmüz boğazında mina təmizləmə əməliyyatlarının mümkün vaxt çərçivəsini açıqlayıb.

Rəsmilər bildiriblər ki, bu əməliyyatların altı aya qədər uzana biləcəyi ehtimal olunur və onların müharibə başa çatmadan əvvəl başlaması inandırıcı görünmür. Bu müddət həm Demokratlar, həm də Respublikaçılar tərəfindən narazılıqla qarşılanıb.

Eyni zamanda, Konqres üzvlərinə İranın Hörmüz boğazı ətrafına 20 və ya daha çox mina yerləşdirə biləcəyi barədə məlumat verildiyi iddia olunur. Bildirilir ki, bəzi minalar GPS texnologiyası vasitəsilə uzaqdan idarə olunur ki, bu da onların aşkarlanmasını və zərərsizləşdirilməsini daha da çətinləşdirir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ