Cozef Aun bildirib ki, sabah Vaşinqtonda İsraillə keçiriləcək görüşdə atəşkəsin uzadılmasını və İsrailin Livanın cənubunda həyata keçirdiyi söküntü işlərinin dayandırılmasını tələb edəcəklər.
Turkustan.az xəbər verir ki, Livan Prezidentliyinin yazılı açıqlamasına əsasən, Aun parlamentdə Proqressiv Sosialist Partiyasının bir qrup nümayəndəsi ilə görüş keçirib.
Görüş zamanı prezident qeyd edib ki, Livanın Vaşinqtondakı səfiri Nada Həməd Muavvad sabah ABŞ Dövlət Departamentində keçiriləcək hazırlıq iclasında ölkəni təmsil edəcək. O, iclasda atəşkəsin uzadılması və İsrailin cənub bölgələrində kənd və qəsəbələrdə apardığı söküntü fəaliyyətlərinin dayandırılması məsələlərini gündəmə gətirəcək.
Prezident Aun vurğulayıb ki, Livanın danışıqlardakı mövqeyi “ölkənin suverenliyini və bütün Livan xalqının maraqlarını qorumaqdan kənara çıxan heç bir güzəştə, kompromisə və ya təslimiyyətə yol verməməkdir”.
Aun əlavə edib ki, rəsmi Beyrut danışıqlar yoluna üstünlük verir. Onun sözlərinə görə, əvvəlki təcrübələr müharibənin yalnız “ölüm, dağıntı və məcburi köçkünlük” gətirdiyini göstərib.
Bu səbəbdən prezident diplomatik həllin Livan üçün ən təhlükəsiz yol olduğunu qeyd edib.
Aun həmçinin prosesi izləmək üçün Nəbih Berri, Nəvaf Salam və Vəlid Cumblat daxil olmaqla müxtəlif siyasi fiqurlarla əlaqə saxladığını bildirib.
Aytən Yaşar/ Turkustan.az