Bu həftə neftlə yüklənmiş ən azı iki İran tankeri Fars körfəzini tərk edərək Amerika blokadasını keçib.
Turkustan.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Analitik şirkət Vortexa-nın məlumatına görə, İran bayrağı altında üzən iki çox böyük neft tankeri - Hero II və Hedy - ABŞ-ın blokada xəttini keçərək aprelin 20-də Ərəbistan dənizinə daxil olub. Ümumilikdə bu gəmilər 4 milyon barelə qədər neft daşıya bilir. Birlikdə onlar ABŞ hərbi gəmilərini keçərək bazara təxminən 9 milyon barel yanacaq çatdıran donanmanın bir hissəsinə çevriliblər.
Vortexa məlumatları göstərir ki, Vaşinqtonun təhdidlərinə baxmayaraq, İranın ixracı davam edir: İranla əlaqəli ən azı 34 tanker və qaz daşıyıcısı boğazdan və Oman sahillərindən İran-Pakistan sərhədinə qədər uzanan ABŞ blokada xəttindən keçir.
Ötən həftənin əvvəlindən bəri bu zonadan keçən gəmilərdən 19-u Fars körfəzindən gəlirdi, onlardan 17-si yük daşıyırdı.
Aytən Yaşar/ Turkustan.az