Hesablama Palatası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sabiq sədri Saleh Məmmədovun 1 il ərzində 176 milyon manat artıq vəsait xərclədiyi ilə bağlı məlumat yayıb.
Proses fonunda Saleh Məmmədov həbs edilə bilərmi?
Globalinfo.az-a danışan hüquqşünas və iqtisadçı Əkrəm Həsənovun sözlərinə görə, maliyyə uyğunsuzluğu vəsaitlərin mənimsənilməsi ehtimalını gündəmə gətirir:
“Hesablama Palatası Baş Prokurorluğa müraciət etməli və prokurorluq tərəfindən araşdırmalara başlanılmalıdır. Əgər əsaslar təsdiqini taparsa, cinayət işi açılmalı, daha sonra iş məhkəməyə göndərilməlidir ki, günahkar şəxslər məsuliyyətə cəlb olunsun.
Burada bir neçə növ pozuntu ola bilər. Məsələn, ayrılmış vəsaitin bir hissəsi təyinatı üzrə xərclənməyib və ya ümumiyyətlə həmin istiqamətə yönəldilməyib. Digər halda vəsait ayrılıb, lakin göstərilən işlər görülməyib, yaxud fərqli işlər görülüb, başqa mallar alınıb və sair”.

Əkrəm Həsənov
Ə.Həsənov qeyd edib ki, söhbət bir pozuntudan yox, müxtəlif qanun pozuntularının məcmusundan gedir:
“Əgər belə faktlar üzə çıxıbsa, bu artıq korrupsiya cinayəti əlamətləri daşıyır. Bu halda Hesablama Palatasının borcudur ki, məsələ ilə bağlı Baş Prokurorluğa və ya Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etsin. Adətən Hesablama Palatasının belə açıqlamaları müəyyən əsaslara söykənir. İstintaq çərçivəsində şübhəli şəxslər müəyyən olunmalı, şahidlər dindirilməli, vəsaitlərin hansı istiqamətlərə xərcləndiyi araşdırılmalıdır. Çox güman ki, belə hallarda məsuliyyət yalnız bir qurumla məhdudlaşmır, digər əlaqəli qurumların da rolu ola bilər. Nəticədə cinayət işi məhkəməyə göndərilməli və məhkəmənin hökmü ilə təqsirli şəxslər məsuliyyətə cəlb olunmalıdır”.