Yunanıstan Silahlı Qüvvələrinin bir polkovnikinin Çin kəşfiyyatı ilə əlaqədə olduğu iddia edilir.
Turkustan.az xəbər verir ki, NATO mənbələrindən əldə edilən məlumata görə, məxfi məlumatlara çıxışı olan polkovnik şəxsi qaydada Çinə səfər edib və burada Çin kəşfiyyat nümayəndələri ilə görüşlər keçirib. Bildirilir ki, ilkin əlaqə Malayziyada fəaliyyət göstərən bir konsaltinq şirkəti vasitəsilə, LinkedIn sosial şəbəkəsi üzərindən qurulub. Həmin şirkətin polkovniki Çin səfərində müşayiət etdiyi və bu səfər zamanı onun əməkdaşlığa cəlb olunduğu qeyd olunur.
İddialara əsasən, polkovnik sonradan Yunanıstanda da Çin agentləri ilə görüşlərini davam etdirib və NATO-ya aid gizli layihələr, eləcə də mühüm texnologiyalar barədə məlumatları pul qarşılığında ötürüb.
Araşdırma zamanı onun ödənişləri kriptovalyuta vasitəsilə aldığı müəyyən edilib. NATO-nun Yunanıstan hakimiyyətini xəbərdar etməsindən sonra polkovnik saxlanılıb. Məlumata görə, o, həbs edildikdən sonra ittihamları qəbul edərək Çin üçün casusluq etdiyini etiraf edib.
Aytən Yaşar/ Turkustan.az