ABŞ Silahlı Qüvvələri İran ilə qarşıdurmada hərbi texnika baxımından ağır itkilərə məruz qalıb. İtirilmiş silahların dəyəri milyardlarla dollarla ölçülür.
Turkustan.az xəbər verir ki, bu barədə nüfuzlu "The Wall Street Journal" nəşri məlumat yayıb.
Pentaqonun keçmiş büdcə məmuru Eleyn Makkaskerin hesablamalarına görə, ABŞ-ın məhv edilmiş və sıradan çıxmış hərbi texnikasının ümumi dəyəri hazırda təxminən 2,9 milyard dollar təşkil edir. İtkilər qırıcı təyyarələrdən tutmuş pilotsuz uçuş aparatlarına (PUA), aviadaşıyıcılardan tutmuş raketdən müdafiə sistemlərinə qədər geniş spektri əhatə edir.
Məlumata görə, fevralın 28-dən bu yana ABŞ-ın 16-ya yaxın hərbi uçuş aparatı, o cümlədən ən müasir texnikaları məhv edilib. İtkilər siyahısında F-35 və F-16 qırıcıları ilə yanaşı, Küveytdə Amerikanın öz hava hücumundan müdafiə sistemləri tərəfindən səhvən vurulan üç F-15 təyyarəsi də var. Qeyd edək ki, bu təyyarələrin hər birinin qiyməti təxminən 90 milyon dollardır.
ABŞ-ın pilotsuz uçuş aparatları donanması da ciddi zərər görüb: 12-yə yaxın "MQ-9 Reaper" PUA-sı ələ keçirilmə və ya bazalara endirilən zərbələr nəticəsində sıradan çıxarılıb. Hərbi Dəniz Qüvvələrində isə dünyanın ən bahalı aviadaşıyıcısı sayılan "USS Gerald R. Ford" gəmisi yerləşdirmə zamanı baş vermiş fövqəladə hadisə nəticəsində zədələnib.
İranın zərbələri ABŞ-ın kritik aşkarlama sistemlərindən də yan keçməyib. İordaniyada THAAD kompleksinin tərkibinə daxil olan AN/TPY-2 radarı, Qətərdəki "Əl-Udeyd" aviabazasında isə erkən xəbərdarlıq funksiyasını yerinə yetirən güclü AN/FPS-132 radiolokasiya stansiyası ciddi zədələnib.
Ekspertlər bu itkilərin ABŞ-ın bölgədəki hərbi nüfuzuna və büdcəsinə ağır zərbə vurduğunu vurğulayırlar./publika.az