Donald Tramp Ağ Evdə keçirilən Nazirlər Kabinetinin iclasında İranla bağlı diqqətçəkən açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Tramp əvvəlki gün İranla aparılan danışıqlara dair dediklərinə aydınlıq gətirərək bildirib: “İran bizə hədiyyə göndərdi”.
Onun sözlərinə görə, adı açıqlanmayan iranlı rəsmilər danışıqlar zamanı belə bir təklif irəli sürüblər: “Həqiqi və etibarlı danışıqçı olduğumuzu göstərmək üçün sizə səkkiz gəmi dolusu neft verəcəyik”.
ABŞ prezidenti əvvəlcə bu məsələni ciddi qəbul etmədiyini qeyd edib. Lakin sonradan Amerika televiziyalarında Hörmüz boğazından keçən səkkiz neft tankerinə dair reportaj izlədiyini deyib. Reportajda bildirilib ki, hadisə iki gün əvvəl baş verib və gəmilər yaxın vaxtlarda yola düşəcək.
Tramp əlavə edib: “Bu xəbəri görəndə düşündüm ki, ‘Biz düzgün insanlarla danışırıq’. Gəmilər, mənim bildiyimə görə, Pakistan bayrağı altında üzürdü”.
Onun sözlərinə görə, İran tərəfi daha sonra əlavə iki tanker də göndərib və beləliklə, keçidinə icazə verilən neft gəmilərinin ümumi sayı 10-a çatıb.
Aytən Yaşar/ Turkustan.az