ABŞ İrana genişmiqyaslı zərbə endirmək qərarına gələrsə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyi əsas hədəflərdən biri olacaq.
Turkustan.az bu barədə CNN-ə istinadən yazır.
“Diplomatiya və ya məhdud zərbə İranı nüvə proqramından imtina etməyə məcbur etməsə, bu ssenari Vaşinqton administrasiyası tərəfindən nəzərdən keçirilir”,-deyə CNN-in qeyd edib.
Məlumata görə, genişmiqyaslı hücum SEPAH rəhbərliyi də daxil olmaqla, ən vacib hərbi və dövlət obyektlərinə eyni vaxtda bir sıra zərbələri əhatə edəcək.
Xatırladaq ki, fevralın 17-də Omanın vasitəçiliyi ilə Cenevrədə ABŞ və İran arasında nüvə danışıqlarının ikinci mərhələsi keçirilib. İran Xarici İşlər Nazirliyi gələcək nüvə sazişinin layihəsinə daxil edilə biləcək bir sıra məsələlər üzrə qarşılıqlı anlaşma əldə edildiyini bildirib.
Vaşinqton məsləhətləşmələrin yaxşı keçdiyini, lakin Tehranın hələ Ağ Ev tərəfindən irəli sürülən bir sıra mövqeləri qəbul etməyə hazır olmadığını bildirdi. Tərəflər danışıqların yeni mərhələsinin vaxtını və yerini açıqlamayıblar. ABŞ və İsrail əvvəllər İranın təkcə nüvə proqramından deyil, həm də Yaxın Şərqdə ballistik raket istehsalından və İranpərəst qüvvələrə dəstəkdən imtinasına israr edirlər. /Cebheinfo.az/