Aİ: Ukraynaya enerji dəstəyini davam etdirəcəyik!


Avropa İttifaqı Ukraynaya davamlı dəstəyini bir daha təsdiqləyib və enerji sahəsində göstərilən yardımın əsas istiqamətlərini açıqlayıb.

Turkustan.az xəbər verir ki, bu çərçivədə 2022-ci ildən bəri Ukraynaya 11 mindən çox generatorun çatdırıldığı bildirilib.

Bu barədə Bərabərlik üzrə Avropa komissarı Hadja Lahbib Brüsseldə keçirilən Avropa İttifaqı Xarici İşlər Şurasının iclası ərəfəsində açıqlama verib.

Komissarın sözlərinə görə, artıq 11 mindən çox generator təhvil verilib və onlardan 1000-i bu yaxınlarda kritik infrastruktura endirilən zərbələrdən sonra Ukraynaya göndərilib. Bundan əlavə, Aİ tərəfindən təcili qaz alışı üçün 1 milyard dollar, Ukrayna üçün Enerji Dəstək Fonduna isə 1,8 milyard avro məbləğində vəsait ayrılıb.

O qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin dördüncü ildönümü ərəfəsində bu dövr “xüsusilə vacib məqamdır” və Avropa ukraynalılara dəstək məsələsində uzaqgörən mövqe nümayiş etdirməlidir. Komissar həmçinin Kiyevə son səfərindən təəssüratlarını bölüşüb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ