Açıq mənbəli kəşfiyyat (OSINT) məlumatları və analitik qiymətləndirmələrə görə, ABŞ son həftələrdə Yaxın Şərqdəki hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə artırıb.
Turkustan.az xəbər verir ki, müşahidəçilər bildirirlər ki, sürətlənmiş hava daşımaları 2003-cü ildə İraqa müdaxilədən bəri regiona yönəlmiş ən genişmiqyaslı hərbi-logistik fəallıq kimi qiymətləndirilir.
OSINT məlumatlarını izləyən bəzi sosial media hesablarının paylaşdıqlarına əsasən, ABŞ regiona əlavə hərbi qüvvə və texnika göndərməyə davam edir.
Joint Base Langley-Eustis bazasından havaya qalxan 12 ədəd F-22 Raptor qırıcı təyyarəsinin altı təyyarədən ibarət iki qrup halında Atlantik okeanını keçərək RAF Lakenheath hava bazasına eniş etdiyi bildirilir. Yanacaq dolduran tanker təyyarəsində yaranmış texniki nasazlıq səbəbindən qısa gecikmə yaşandığı, lakin qırıcıların Yaxın Şərq istiqamətində hərəkətini davam etdirməsinin gözlənildiyi qeyd olunur.
Bundan əlavə, ABŞ regiona altı ədəd Boeing E-3 Sentry erkən xəbərdarlıq və hava komanda-idarəetmə təyyarəsi göndərib.
Eyni zamanda, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus tanker təyyarələrinin Şərqi Aralıq dənizi üzərində kəşfiyyat təyyarələrinə havada yanacaq doldurduğu müşahidə olunub. Analitiklər bu fəaliyyəti İranın müəyyən həssas nöqtələrinin monitorinqi və bölgədə yüksək səviyyəli hərbi avadanlığın aktiv işləməsi ilə əlaqələndirirlər.
Aytən Yaşar/ Turkustan.az