Türkiyənin kəşfiyyat və hüquq-mühafizə orqanları İrana bağlı casus şəbəkəsini zərərsizləşdirib.
Turkustan.az xəbər verir ki, rəsmi məlumatlara görə, şəbəkə İncirlik aviabazası ətrafında kəşfiyyat fəaliyyəti ilə məşğul olub və sui-qəsd qrupları yaratmağı planlaşdırıb.
Əməliyyat Milli Kəşfiyyat Təşkilatı (MİT) və polis tərəfindən beş vilayətdə, əsasən İstanbul bölgəsində həyata keçirilib. Nəticədə altı şübhəli saxlanılıb.
Həbs olunanlar arasında müdafiə sənayesi şirkətlərinin sahibləri Erhan Ergelen və Taner Özkan, tekstil sektorunda fəaliyyət göstərən sahibkarlar Cemal Beyaz və Remzi Beyaz, Alican Koç, eləcə də İran vətəndaşı Aşkan Cəlali var.
İstanbul Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə onlar “siyasi və ya hərbi kəşfiyyat məqsədilə dövlət sirrlərini əldə etmək” ittihamı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Türkiyə mediasının məlumatına görə, istintaq müəyyən edib ki, casus şəbəkəsinə iranlı kəşfiyyatçılar, “Hacı” kod adlı Nəcəf Rostami və “Doktor” ləqəbi ilə tanınan Mehdi Yeke Dehqan rəhbərlik ediblər.
İstintaq materiallarına əsasən, Rostami Van şəhərində yaşayan Alican Koça Adanadakı İncirlik aviabazasında foto və video çəkiliş aparacaq şəxsləri cəlb etməyi tapşırıb.
Ankarada yaşayan İran vətəndaşı Aşkan Cəlalinin isə Türkiyədən Şimali Kipr Türk Respublikasına (ŞKTR) döyüş pilotsuz uçuş aparatlarının göndərilməsini planlaşdırdığı, həmçinin ona məxsus Bulaq Robotik və Arete Industries şirkətləri vasitəsilə Kiprin yunan hissəsində əməliyyatları idarə etdiyi müəyyən olunub.
Rəsmi məlumatlarda bildirilir ki, Cəlali və Koç 2025-ci ilin avqust–sentyabr aylarında İranda pilotsuz uçuş aparatlarının idarə olunması üzrə xüsusi təlim keçiblər.
Bundan əlavə, araşdırmaya görə, Erhan Ergelen və Taner Özkan 2025-ci ilin oktyabrında İrana səfər edərək Kiprin yunan hissəsinə pilotsuz uçuş aparatlarının tədarükündə iştirak ediblər. /konkret.az/