ABŞ dövlət katibi Marko Rubio Kambocanın Baş naziri Hun Manet ilə telefon danışığı zamanı Kamboca ilə Tayland arasındakı sərhəd toqquşmaları ilə bağlı "narahatlığını" bildirib.
Turkustan.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin yazılı açıqlamasına görə, Rubio telefon danışığı zamanı Hun Manet ilə Kamboca və Tayland arasındakı gərginliyi müzakirə edib.
Rubio davam edən münaqişələrlə bağlı "narahatlığını" ifadə etdi, ABŞ prezidenti Donald Trampın "sülh arzusunu" çatdırdı və Malayziyada imzalanan sülh müqaviləsinin yerinə yetirilməli olduğunu bildirdi.
Rubio bildirib ki, ABŞ Tayland və Kamboca arasında "sülh və sabitliyə nail olmaq" üçün danışıqları asanlaşdırmağa hazırdır.
Kambocanın Baş naziri Hun Manet də sosial media hesabında Rubio ilə görüşündə ölkəsinin əvvəllər imzalanmış sülh müqaviləsinə sadiqliyini bir daha vurğuladığını bildirib.
Hun Manet bildirib ki, onlar "sərhəd məsələsini dinc yolla həll etmək mövqeyini qoruyub saxlayırlar" və Kamboca ilə Taylandın mövcud razılaşmalara uyğun olaraq birlikdə çalışacaqlarına və davamlı sülhə nail olacaqlarına ümid edirlər.
Aytən Yaşar/ Turkustan.az