Bir neçə gündür ki, sosial şəbəkələrdə Yeni il bayramı dini aspektdən mübahisəyə çıxarılıb. Bəziləri bildirirlər ki, İslam dini belə bayramların qeyd edilməsini qadağan edir, günahdır. Digərləri isə bunun xoş bir gün olduğunu irəli sürərək əksini iddia edir.
Bəs reallıq nədir? İslam dini bu məsələyə necə yanaşır?
Globalinfo.az-a danışan Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, ilahiyyatçı Rüfət Qarayev deyib ki, islam dini heç kimin sevinməsinə və şadlanmasına mane olmur.
Onun sözlərinə görə, əksinə, hər bir müsəlmanın bir-birinin üzünə təbəssümlə baxması Allah yolunda verilən sədəqə hesab olunur:
“Allah Rəsulu (s.ə.s.) buyurur: “Çətinləşdirməyin, asanlaşdırın. Nifrət etdirməyin, sevdirin”. Buradan çıxış edərək demək olar ki, dinimiz sevgi, mərhəmət, şəfqət və gözəlliklərdən ibarətdir. Təbii ki, İslam dinində iki böyük bayram mövcuddur. Bunlardan biri Qurban, digəri isə Ramazan bayramıdır. Cümə günləri isə müsəlmanların üçüncü bayramı hesab olunur. Amma bu o demək deyil ki, biz milli bayramlarımızı qeyd etməməliyik. Eyni zamanda, dövlətin və insanların bayram hesab etdiyi həmrəylik günü və təqvim dəyişikliyi kimi qəbul edilən Yeni ili də inkar etməməliyik”.

Rüfət Qarayev
İlahiyyatçı bildirib ki, hər hansı təqvimin xüsusi günləri müsəlmanları Allahdan, Rəsuldan, dini və mənəvi dəyərlərdən uzaq salmamalıdır:
“Həzrət Əli (ə) buyurur: “Bayram o gün bayram olur ki, insan hiss etsin – onun günahları Allah tərəfindən bağışlanır”. Təəssüf ki, bir çox insanlar bayramı özləri üçün imtiyaz hesab edərək böyük günahlara yol verir, bu əməlləri ilə Allahı və Rəsulunu narazı salırlar”.
İlahiyyatçı Hacı Qamət Süleymanov qeyd edib ki, islam dinində Yeni ilin qeyd edilməsi haramdır:
“Yeni ilin qeyd olunması, nəinki dinimizlə, heç adət-ənənələrimizlə də uyğun gəlmir. Bizim adətimizdə belə bir bayram olub? İlk növbədə adət-ənənələrimizi bilməliyik. Bu, sadəcə bizə kommunistlərdən qalan bir “miras”dır. Dini baxımdan belə bayramların qeyd olunması bəyənilmir”.

Hacı Qamət Süleymanov
İlahiyyatçının sözlərinə görə, müsəlman ölkələrinin əksəriyyətində həmin gün bayram kimi qeyd edilmir:
“Yeni il İsa peyğəmbərin (ə) doğumu ilə əlaqələndirilir və bunu əsasən xristianlar qeyd edirlər. İslam dininə görə isə başqa dinlərin adətlərini mənimsəmək düzgün deyil. Doğrudur, bizdə artıq dövlət səviyyəsində qeyd olunur və adətə çevrilib. Amma dini baxımdan bu, günah sayılır və adət-ənənələrimizə uyğun deyil”.