Moskva Paşinyana yeni rəqib tapıb-Ayq Marutyan hardan çıxdı?


“Ermənistanda gələn il keçiriləcək parlament seçkiləri daxili çərçivədən çıxaraq beynəlxalq rəqabət xarakteri alıb. Seçkilərə təkcə Ermənistan hazırlaşmır, Rusiya və Qərbdə ciddi şəkildə prosesə cəlb olunub”.

Bu barədə siyasi şərhçi Əli Orucov Musavat.com-a bildirib. O deyib ki, İrəvanın sabiq meri, 2022-ci ilədək Nikol Paşinyanın yaxın adamlarından biri olan Ayq Marutyanın 2026-cı ildə keçiriləcək parlament seçkilərində yeni yaratdığı “Yeni Güc” Partiyası ilə iştirak edəcəyini açıqlaması da təsadüfi deyil. Moskva yeni fiqur axtarışındadır və ola bilsin ki, həmin fiquru Ayq Marutyanın timsalında tapıb: “Moskvanın hələlik üzdə olan namizədləri hazırkı baş nazir Paşinyana real alternativ sayılmırlar. Çünki onların elektoratı və sosial bazası müqayisədə çox zəifdir. Cəmiyyətə yeni verə biləcəkləri bir şeyləri yoxdur. Onlar guya yenilənmiş fiqurlardır. Rusiya erməni Apastol kilsəsini də Paşinyana qarşı qaldırsa da bu da istədiyi effekti verməməkdədir. Baş nazir faktiki olaraq kilsə ilə qarşıdurmada üstün mövqedədir. Bu vəziyyətdə təbii ki Moskva alternativlər axtarışında ola bilər. Moskva yavaş-yavaş dərk edir ki, Ermənistandakı seçkiləri və oradakı gələcəyini xərclənmiş siyasi liderlərə etibar edərək ümidlənmək arzuolunmaz nəticələrə gətirər. Bu baxımdan, ehtimal ki, ehtiyat namizəd üzərində də işlənilsin. Bu İrəvanın sabiq meri Ayq Marutyan da yaxud digər sürpriz fiqur da ola bilər”.
O ki, qaldı Qərbin Ayq Marutyan üzərində dayanması ehtimalının olub-olmadığına, siyasi şərhçinin fikrincə, Qərbin Paşınyanı davamlı olaraq dəstəkləyəcəyi şübhə doğurmur:

“Hazırkı hakimiyyət özünü Qərbpərəst və sülhpərvər kimi təqdim edə bilib. Onunla dialoqa açıq siyasətçi kimi müzakirələr aparmaq çətin görünmür. Dekabrın 2-də Avropa İttifaqı-Ermənistan arasında Tərəfdaşlıq Şurasının 6-cı sammitində “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı imzalanmış sənəddə gələn il keçiriləcək parlament seçkiləri ilə bağlı müddəa da öz əksini tapıb. Qərb Moskvanın seçkilərə müdaxiləsinin qarşısını almağın yollarını aramaqdadır. Deməli Avropa Paşinyanı dəyişmək istəmir. Ayq Marutyanın simasında yeni siyasi rəqibin meydana çıxarılması məncə Moskvanın planlarının tərkib hissəsidir. Böyük ehtimalla Paşinyanla yolları ayrılandan sonra Moskva Marutyanla iş aparıb və lazım olanda irəli çıxması razılaşdırılıb. Marutyan “icazəli Qərbpərəst” islahatı demokrat kimi özünü göstərən və Paşinyanın tərəfdarlarının səsini parçalamaq üçün ortaya atılan fiqur ola bilər. Onun rəhbərlik etdiyi "Yeni Güc" partiyası populyar deyil və hələ mesajlarını ötürə bilməyib. Real durumda erməni cəmiyyəti revanşist platformalara və baxışlara məsafəli davranır, münaqişənin əleyhinədir. Ona görə də Moskva üzdə sülh tərəfdarı kimi çıxış eləyən namizədi gizli müdafiə edə bilər. Həmin fiqurun Ayq Marutyanın olması mümkündür”.


MANŞET XƏBƏRLƏRİ