Türkiyə Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlunun dəvəti ilə Ankaraya gələn Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli Əl-Həddad, burada milli müdafiə naziri Yaşar Gülər və digər yüksək rütbəli rəsmilərlə görüşüb, daha sonra ölkəsinə qayıdarkən təyyarəsi Ankara üzərində qəzaya uğrayıb.
Bu hadisə sadəcə qəza və təsadüfdürmü? Bəli, mümkündür, amma reallığın belə olmadığı ehtimalını da nəzərə almalıyıq. Son hadisələrin ardıcıllığı olduqca qeyri-adidir və geosiyasi mübarizənin ortasında baş verir. Məsələn, İranın keçmiş prezidenti İbrahim Rəisinin olduğu vertolyotun Cənubi Qafqazda qəzaya uğraması da bu hadisə ilə bənzərlik təşkil edir.
Üç günlük matəm elan edən Liviya rəsmiləri hadisənin ilk saatlarında “təyyarənin qəzaya uğradığı” barədə açıqlama verdi. Halbuki o anda bunun qəza olduğunu müəyyən etmək mümkün deyildi. Sözügedən açıqlama və ya qabaqlayıcı tədbir rəsmi Tripoli üçün vəziyyətin nə qədər həssas olduğunu göstərir.
Liviya Baş Qərargah rəisi Məhəmməd Əli Əl-Həddad sadəcə hərbçi deyil, həm də ölkəsində tarazlığın qorunmasını təmin edən həlledici fiqur idi. Belə bir önəmli liderin itkisi daxili siyasətdə gərginliyi artıra və xarici müdaxilələrə yol aça bilər.
Hədəf coğrafiyası fərqlidir, mesaj Türkiyəyə yönəlib.
Suriyadakı vəziyyət hazırda Türkiyənin hərbi baxımdan ən qaynar, diplomatik baxımdan ən kövrək və beynəlxalq arenada ən böyük təzyiqlə üzləşdiyi məsələdir. Ankaranın qərar qəbuletmə mexanizminə təsir göstərmək istəyən biri ilk olaraq Suriya xəttinə toxunardı. Amma birbaşa zərbə vurmaq ciddi nəticələr doğura bilər, ona görə də dolayı yolla zərbə endirilir. Liviyadan bu halda istifadə edilə bilərmi? Bəli, belə bir addımın nəticəsində bir güllə ilə bir neçə quş vurmaq mümkündür.
Liviya amili
Liviya Türkiyə üçün qanuni və müdafiə edilə bilən təsir zonasıdır. Ankara bu ölkəyə müdaxilə edərək qanuni hökuməti dəstəkləməklə tarazlığı öz xeyrinə dəyişdi. Bundan əlavə, Türkiyənin Tripolidəki rolu və Haftar qüvvələri ilə inkişaf edən münasibətlər Liviyanın unitar quruluşunun qorunması baxımdan da çox vacibdir.
Türkiyənin buradakı siyasi və hərbi təşəbbüsü bəzi xarici aktorlar, xüsusən də Avropa İttifaqı (Aİ)-Yunanıstan-İsrail-BƏƏ oxundakılar tərəfindən həzm edilmir. Başqa sözlə, Liviyaya toxunmaqla Türkiyəyə təhdid mesajı verilir: “Suriyada addım atsan, bunun bədəlini Liviyada, Aralıq dənizində və hətta ölkənin mərkəzində ödəyəcəksən”.
Hadisənin məhz Ankarada baş verməsi detalı
Bu məqam çox vacibdir. Məsələ yalnız Liviya ilə bağlı olsaydı, hadisə ya o ölkədə, ya da Aralıq dənizi üzərində baş verərdi. Lakin qəzanın Ankara yaxınlığında, məhz strateji qərarların verildiyi görüşdən sonra meydana gəlməsi o deməkdir ki, döyüş meydanında deyil, danışıqlar masasında verilən qərarlara mesaj göndərilib. Bu, Türkiyənin təşəbbüslərinin, xüsusən də əməliyyatın qarşısını almaq istəyən qüvvələrin verdiyi bir siqnaldır.
Bu gün cənubda baş verən hadisələrin kökündə terrorçu dövlətin qurulması və Ankaranın bunun qarşısını almaq iradəsini qırmaq cəhdi durur. Şimaldakı hadisələrin kökündə də Türkiyəni müharibəyə cəlb etmək cəhdi dayanır.
Əgər Ankarada yaşanan qəza deyilsə, deməli, hadisə Liviyadan çox, Suriya məsələsinə dair qərara təsir göstərməyə yönəlmiş qabaqlayıcı təzyiq və xəbərdarlıq hərəkətidir. Buna nail olsalar, məqsədlərinə çatmış olacaqlar.
Türkiyənin həddindən artıq sərt reaksiya göstərməsi də, geri çəkilməsi də risklidir. Düşünürəm ki, doğru addım, qərarı dəyişdirmədən, metodu sərtləşdirməkdir.
Türkiyənin gələcəyi yaxınlığındakı təhdidi aradan qaldırmaqdan asılıdır. Bütün bu hadisələr ən böyük, yəni ən yaxın təhlükəni uzaq və kiçik bir təhlükə kimi göstərmək səylərinin bir hissəsidir.

Müəllif: Bahçeşehir Üniversiteti Stratejik Araştırmalar Merkezi (BAU SAM) başqanı, terror və təhlükəsizlik məsələləri üzrə ekspert Abdullah Ağar
/globalinfo.az