Son zamanlar az qala hər gün Rusiya–Ukrayna müharibəsində itkin düşən və ya həlak olan azərbaycanlılarla bağlı xəbərlər yayılır. Məlumatlardan aydın olur ki, müharibəyə cəlb olunan azərbaycanlıların böyük əksəriyyəti əmək miqrasiyası ilə Rusiyada yaşayan şəxslərdir. Onlar illərdir dolanışıq dalınca Rusiyaya üz tutan, ailəsini Azərbaycanda saxlayan və maddi çətinliklər fonunda ən riskli qərarları verməyə məcbur qalan insanlardır.
Digər tərəfdən, müharibəyə qoşulanların bir qismi pul və digər maddi vədlər qarşılığında ölkədən çıxaraq birbaşa döyüş bölgəsinə gedənlərdir. Onlara da yüksək maaş, güzəştlər, hətta bəzi hallarda vətəndaşlıq vədləri verilir. Lakin reallıq çox vaxt bu vədlərin arxasında gizlənən ölüm, itkinlik və hüquqi çıxılmazlıqdır. Döyüş meydanında həyatını itirənlər geri qayıtmır, itkin düşənlər isə ailələri üçün illərlə davam edən ümidsiz gözləntilərə çevrilir.
Ən ağrılı məqam isə budur ki, itkin düşənlərin əksəriyyəti barədə dəqiq və rəsmi məlumat almaq demək olar ki, mümkün olmur.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkə vətəndaşının başqa dövlətin ərazisində gedən müharibədə və ya silahlı münaqişədə iştirakı qadağandır. Bəs Rusiya-Ukrayna müharibəsinə qoşulduğu üçün Azərbaycan vətəndaşlarını hansı cəza gözləyir?
Məlumat üçün deyək ki, Azərbaycan Cinayət Məcəlləsinin 114-cü maddəsinə əsasən, istər digər ölkələrdə, istərsə də daxildə muzdlu kimi silahlı münaqişələrdə, hərbi əməliyyatlarda iştirak etmiş şəxslər beş ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 12-ci maddəsinə görə Azərbaycan vətəndaşı xarici ölkədə cinayət törətsə də məsuliyyət daşıyır. Yəni bir sözlə, şəxs Rusiyada və ya Ukraynada döyüşüb, sonradan Azərbaycana qayıtdıqda, barəsində hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılır. Əgər Azərbaycan vətəndaşı xarici müharibədə həlak olubsa, bu fakt təsdiqlənibsə, cinayət təqibi ölüm səbəbindən xitam olunur.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə də Musavat.com-a deyib ki, bu şəxslərin əksəriyyəti maddi çətinlik ucbatından müharibəyə qoşulublar: “Bu günlərdə Qarabağ döyüşlərində iştirak etmiş qazilərimizdən birinin Rusiya–Ukrayna müharibəsində həlak olması xüsusilə cəmiyyətdə dərin sarsıntı yaratdı. Etiraf etmək lazımdır ki, bu, onların şəxsi seçimidir. İnsan öz ailəsini, körpə uşaqlarını, valideynlərini düşünürsə, belə bir addımı atmamalıdır. Heç bir halda başqa dövlətlərin bir-biri ilə apardığı müharibəyə qoşulmamalıdır. Əgər bir şəxs Rusiyanın və ya Ukraynanın vətəndaşıdırsa, həmin ölkənin vətəndaşı kimi müharibəyə çağırılırsa, bu, artıq başqa məsələdir. Lakin ölkədən gedib müxtəlif vədlərə aldanaraq müharibəyə qoşulmaq, sonradan həlak olmaq, itkin düşmək və ya ağır yaralanmaq artıq fərdin öz məsuliyyəti və yanlış qərarıdır”.
Hüquq müdafiəçisi söyləyib ki, insan öz ölkəsində daş daşıya bilər, amma 1000–2000 manat qarşılığında işğalçı xarakter daşıyan bir müharibənin iştirakçısına çevrilmək düzgün deyil: “Bu, nə ailəyə, nə cəmiyyətə, nə də insanın öz gələcəyinə fayda gətirir. Təəssüf ki, bu cür hallar mövcuddur və bu, cəmiyyət üçün ciddi xəbərdarlıq siqnalıdır. Eyni zamanda, unutmaq olmaz ki, Azərbaycan vətəndaşı olub bu müharibədə iştirak edən şəxslər Azərbaycan qanunvericiliyinə əsasən cəzalandırılacaqlar. Çünki ölkənin konkret qanunları var və bu qanunlar xarici müharibələrdə iştirak etməyi qadağan edir. Bunun acı nümunələrini biz daha əvvəl də görmüşük. Hələ Əsəd rejimi dövründə bəzi azərbaycanlılar Suriyaya gedərək İŞİD-ə qoşulmuş, ailələrini də özləri ilə aparmışdılar. Onlar həlak oldu, ailələri isə uzun müddət sığınacaqlarda qaldı. Bu gün də dövlətimiz həmin ailələrin və xüsusilə uşaqların geri qaytarılmasını mərhələli və çətin bir proseslə tənzimləyir. Əgər Azərbaycan vətəndaşıdırsa və həmin döyüşlərdə iştirak edibsə, bu artıq birbaşa Azərbaycan qanunlarının pozulması deməkdir. Qanunvericilik bunu qadağan edir və ölkəyə qayıtdıqdan sonra həmin şəxslər qanunun tələblərinə uyğun şəkildə məsuliyyətə cəlb olunacaqlar”.