Ukrayna müharibəsi bağlı sülh danışıqları yekunlaşmaq üzrədir.
Belə ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın şərtləri ilə sülhə razılıq verməyə hazır olduğunu açıqlayıb. O, bildirib ki, Kiyev Vaşinqtonla daimi əlaqə saxlayır və sülh sazişi üzərində işləri davam etdirməyə ümid bəsləyir.
Zelenski həmçinin qeyd edib ki, Ukrayna tərəfi sənədlərin hazırlanması üzərində fəal şəkildə işləyir, onların praktikliyinə və mümkünlüyünə xüsusi diqqət yetirir:
“Əsas məsələ Rusiyanın bu diplomatiyanı pozmaması və müharibənin bitməsinə 100% ciddi yanaşmasıdır".
Ukrayna Prezidentinin bu açıqlaması onun ABŞ-ın şərtlərilə sülhə razılıq verməyə hazır olduğunu göstərir.
Bundan əlavə, Zelenski ABŞ-ın 20 maddəlik sülh planını da ictimaiyyətə açıqlayıb.
Görəsən, hansı şərtlərlə razılaşma əldə olunacaq? Rusiya məqsədlərinə çatmadan sülhə razılıq verəcəkmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib ki, ABŞ-ın bu məsələdə mövqeyilə Ukrayna hökumətinin mövqeyi əslində üst-üstə düşmür:
“Zelenski açıq şəkildə deyib ki, Ukrayna xalqı səs verəndə ona mandatı torpaqları təcavüzkar Rusiyaya güzəştə getmək üçün verməyib. Beləliklə, o, buna razı olmayacağını bəyan edib.
Tramp isə özgə dövlətin torpaqlarından kifayət qədər kəsib Putinə güzəştə getməyə hazırdır. Amma hər halda güzəştlər Putinin istədiyi qədər deyil”.
Putin Ukraynanı bir dövlət olaraq məhv etmək istəyir.
“O, mövqeyindən geri çəkilmək fikrində deyil, ifrat tələblərində israr edir. Rusiya məqsədlərinə çatmadan və yaxud tam iflasa uğramadan sülhə razılıq verməyəcək”, - deyə politoloq qeyd edib.
Həmsöhbətimizin fikrincə, Zelenskinin Amerikanın şərtlərilə sülhə razılıq verməyə hazır olduğunu barədə açıqlaması da diplomatik oyundur:
“Zelenski də öz növbəsində diplomatik oyun oynayaraq, elan edir ki, Amerikanın şərtlərini qəbul etməyə hazırdır.
Zelenski gözəl bilir ki, o bu şərtləri qəbul etsə belə, Putin onları qəbul etməyəcək və beləliklə də diplomatik baxımından məğlubiyyətə uğrayacaq. Çünki belədə Putin güzəştə hazır olmayan tərəf kimi özünü təqdim edəcək.
Zelenski onu da gözəl bilir ki, nə Ukrayna ordusu, nə də cəmiyyət, hətta Trampın mötədil hesab etdiyi güzəştləri belə qəbul etməyə hazır deyil. Çünki onun mənası beynəlxalq hüququn, Ukrayna xalqı və dövlətinin hüquqlarının ayaqlar altına atılması və təcavüzkarı işğal etdiyi torpaqlarla mükafatlandırmaq demək olacaq”.