Kiyevə yönəlik ultimatum nəticə vermədi.
Turkustan.az xəbər verir ki, Cenevrədə ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə keçirilən danışıqlarda Ukrayna üçün atəşkəs şərtləri yumşaldılıb və “Tramp planı”nın təcili imzalanması gündəmdən çıxarılıb.
Zelenski Ofisinin məlumatına görə, ABŞ–Ukrayna görüşündə “yenilənmiş və təkmilləşdirilmiş çərçivə sənədi” hazırlanıb.
“Reuters” bildirir ki, Zelenski artıq bu həftə ABŞ-a səfər edə və Tramp ilə qalan fikir ayrılıqlarını müzakirə edə bilər.
Cenevrədə nələr razılaşdırıldı?
“RBK-Ukrayna”nın məlumatına əsasən, ABŞ və Ukrayna ordunun sayına, Zaporojye AES-in statusuna və əsir mübadiləsinin formatına dair razılığa gəliblər. Ən ağrılı məsələlər – ərazi məsələsi və Ukrayna Konstitusiyasına mümkün dəyişikliklər – Zelenski və Tramp tərəfindən ayrıca müzakirə olunacaq.
“The New York Times” yazır ki, planın işçi versiyası keçən həftə dərc olunan variantdan ciddi şəkildə fərqlənir.
Danışıqların tonunun dəyişməsi
“The Economist” qeyd edir ki, Rubionun müdaxiləsi prosesdə dönüş nöqtəsi olub. ABŞ hərbçilərinin Kiyevə etdiyi və ultimativ tələblərin çatdırıldığı səfərdən sonra ton tam dəyişib. Rubionun görüşü “prosesi qəbul edilə bilən məcraya qaytaran” məqam kimi təsvir olunur.
Avropanın mövqeyi
“Reuters” yazır ki, Almaniya, Fransa və Böyük Britaniya Ukrayna ordusunun 600 min nəfərə qədər azaldılması fikrini mümkünsüz hesab edir. Avropa liderləri bildirirlər ki, istənilən ərazi danışıqlarının başlanğıc nöqtəsi hazırkı cəbhə xətti olmalıdır, ABŞ-ın təklif etdiyi bufer zonaları və Ukrayna qüvvələrinin qismən çıxarılması deyil.
Bundan əlavə, Avropa Ukraynaya kompensasiyanın dondurulmuş Rusiya aktivləri hesabına ödənilməsini tələb edir.
Avropa diplomatiyasının rəhbəri Kaya Kallas isə bildirib ki, Rusiya “Ukraynadan güzəşt tələb etmək hüququna malik deyil” və sülh yalnız “ədalətli və dayanıqlı” ola bilər.
Avropa versiyası
Avropanın hazırladığı sənəd ABŞ variantından daha yumşaqdır. Burada NATO genişlənməsindən imtina tələbi yoxdur, Ukrayna ordusunun maksimum sayı 800 minə qaldırılıb və gələcək NATO üzvlüyü imkanları saxlanılıb. Həmçinin Rusiyaya zərbələrə sərt qadağalar və işğal olunmuş ərazilərin faktiki tanınması ideyası sənəddən çıxarılıb.
Vaşinqtonun mövqeyində dəyişiklik
Rubio danışıqlardan sonra bildirib ki, tərəflər “nəhəng irəliləyiş” əldə ediblər və qalan məsələlər “aradan qaldırıla biləndir”. Onun sözlərinə görə, Tramp danışıqların nəticələrindən “məmnundur”.
“Reuters” yazır ki, ABŞ artıq Kiyevə təzyiq məqsədilə qoyulan sərt müddətdən imtina edib və yenilənmiş planın “Ukraynanın tam suverenliyini təmin etdiyini” təsdiqləyib. /Musavat.com/