Nyu-Yorkun yeni seçilmiş müsəlman meri Zöhran Mamdani ABŞ prezidenti Donald Trampın dəvəti ilə Ağ Evə ilk rəsmi səfərini edib.
Turkustan.az xəbər verir ki, seçkilərdən əvvəl Mamdanini “kommunist” adlandıran Tramp görüş zamanı onu təbrik edib və Nyu-Yorkda qiymətlərin azaldılması istiqamətində nəticələr gözlədiyini bildirib. “Ümid edirəm ki, əla mer olacaq və nə qədər yaxşı iş görsə, bir o qədər xoşbəxt olacağam,” – deyə Tramp qeyd edib.
Mamdani görüşü “məhsuldar” adlandırıb və Nyu-Yorkluların yüksək kirayə, ərzaq və kommunal xərclərlə mübarizə apardığını vurğulayıb. O, şəhərdə yaşayışın əlçatan olması üçün prezidentlə birgə işləməyə hazır olduğunu bildirib.
Tramp əvvəlki “kommunist” ifadəsinə münasibətdə Mamdaninin mövqeyinin zamanla dəyişə biləcəyinə eyham vurub. O, həmçinin Mamdaninin onu “despot” adlandırmasına zarafatla yanaşıb: “Məni daha pis adlandırıblar, buna görə bu, o qədər də alçaldıcı deyil.”
Mamdaniyə Trampı “faşist” adlandırıb-adlandırmadığı soruşulduqda, Tramp araya girərək “Problem yoxdur, sadəcə ‘hə’ deyə bilərsiniz,” – deyib. Mamdani də qısa şəkildə “Yaxşı, onda,” – cavabını verib.
Aytən Yaşar/ Turkustan.az