“Heç bir qərar xalqın iradəsi olmadan qəbul edilə bilməz” – Paşinyan


Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib ki, sərhədlərin delimitasiyası zamanı ölkələrin ərazi bütövlüyünün xəritəsi Almatı bəyannaməsi əsasında yenidən müəyyən edilməlidir və bu bərpa baş verdikdən sonra bütün mümkün kombinasiyalar müzakirə ediləcək.

Onun sözlərinə görə, məsələn, Arçvashen kəndi kimi ərazilərdə alternativ ssenarilər müzakirə oluna bilər. Lakin heç bir qərar Ermənistan xalqının iradəsi olmadan qəbul edilə bilməz: «Ərazi mübadiləsi məsələsi ortaya çıxarsa, aydındır ki, Ermənistan Respublikasının vətəndaşlarının mövqeyi olmadan bu, mümkün deyil. Hüquqşünasların qiymətləndirməsinə görə də bu belədir. Hətta birbaşa referendum olmasa belə, Ermənistan vətəndaşlarının razılığı olmadan bu sadəcə baş verə bilməz», - deyə o bildirib.

Paşinyan həmçinin qeyd edib ki, hökumət Azərbaycanda həbsdə olan erməniləri (Azərbaycanda mühakimə olunan separatçı terrorçuları - red) qaytarmaq üçün gündəlik iş aparır: «Biz hər gün bu istiqamətdə iş görürük», o vurğulayıb. Baş nazir bildirib ki, Azərbaycanla münasibətlər nə qədər əlverişli olarsa, əsirlərin və sülh məsələlərinin həlli də bir o qədər asanlaşacaq: «Əgər məqsəd bu məsələni həll etməkdirsə, mən deyirəm ki, Azərbaycan və Ermənistan arasında mühit nə qədər əlverişlidirsə, onu həll etmək də o qədər asan olacaq».

Paşinyan xatırladıb ki, hazırda Bakı həbsxanalarında 44 günlük müharibə və Qarabağdan ermənilərin köçməsindən sonra hələ də 23 erməni saxlanılır. /azpolitika.info/


MANŞET XƏBƏRLƏRİ