Maduro göstəriş verdi: Müdafiəyə hazır olun!


Maduro ABŞ-ın hərbi fəallığına cavab verdi: Venesuelada “milli müdafiə komandanlıqları” yaradılır.

Turkustan.az xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın Karib hövzəsi və Sakit okean regionlarında hərbi fəaliyyətini artırdığını əsas gətirərək, ölkədə “milli müdafiə komandanlıqları” yaradılması barədə göstəriş verib.

Paytaxt Karakasdakı Miraflores sarayında çıxış edən Maduro bildirib ki, Venesuela artıq 14 həftədir davamlı psixoloji müharibəyə məruz qalır. Bu barədə dövlət televiziyası VTV məlumat yayıb.

Prezidentin sözlərinə görə, yeni yaradılacaq müdafiə komandanlıqları Silahlı Qüvvələrin Strateji Əməliyyat Komandanlığının (CEOFANB) tərkibində fəaliyyət göstərəcək.

“Əgər silahlı qarşıdurma baş verərsə, xalq müdafiəsi hər məhəllədə, hər şəhərdə hazır olmalıdır. Müqəddəs irsimizi qorumağa, qalib gəlməyə və zəfər çalmağa polad kimi hazır olmalıyıq. Vətənpərvərlik və azadlıq yolunda birlikdə irəliləməliyik,” – deyə Maduro vurğulayıb.

Yerli KİV-lərin məlumatına görə, milli müdafiə komandanlıqlarının digər məqsədi hərbi əməliyyatlara dəstək vermək, həmçinin səfərbərlik elan olunduğu təqdirdə əsas ictimai xidmətlərin və mühüm infrastrukturun fasiləsiz fəaliyyətini təmin etməkdir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ