UNİCEF-in sözçüsü Rikardo Pires İsrailin Qəzzaya kritik ləvazimatlar göndərməkdən imtina etdiyini bildirib.
Turkustan.az xəbər verir ki, Pires Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin həftəlik mətbuat konfransında onlayn iştirak edərək vəziyyətlə bağlı açıqlamalar verib.
Pires bildirib ki, Qəzzada iki ildir davam edən hücumlar nəticəsində rutin peyvəndləri yarımçıq qalan 3 yaşdan kiçik 40 mindən çox uşağa çatmaq məqsədilə UNICEF, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və digər tərəfdaş qurumlar birgə peyvənd, qidalanma və sağlamlıq kampaniyasına başlayıblar.
“Kampaniyanın ilk günündə 240 uşağa çoxsaylı vaksin vurulacaq. Birinci tur 9–18 noyabr tarixlərində keçiriləcək, ikinci və üçüncü turlar isə müvafiq olaraq dekabr və yanvar aylarında davam edəcək,” – deyə Pires qeyd edib.
O, həmçinin UNICEF-in poliomielit, qızılca və sətəlcəm kimi ölümcül, lakin qarşısı alına bilən xəstəliklərə qarşı qoruma məqsədilə Qəzzaya bir milyon peyvənd gətirdiyini bildirib. Kampaniyanın 450-dən çox tibb işçisinin dəstəyi ilə 149 səhiyyə müəssisəsi və 10 mobil tibbi bölmə vasitəsilə həyata keçiriləcəyi vurğulanıb.
Aytən Yaşar/ Turkustan.az