Putinin “Naxçıvan” qərarı: Xalq şok yaşaya bilər – Badalyan


“Erməni Apostol Kilsəsinin Rusiya və Yeni Naxçıvan Yeparxiyasının rəhbəri arxiyepiskop Yezras Nersisyanın Rusiya Prezidenti Vladimir Putin tərəfindən təltif olunması təsadüfi deyil. Bu, misilsiz addımdır”.

Turkustan.az xəbər verir ki, bu fikirləri erməni deputat Lusine Badalyan deyib.

“Hər dəfə yüksək vəzifəli din xadimi, müxalif siyasətçi və ya iş adamı ölkənin daxili məsələlərinə müdaxilə etməyə çalışdıqda, Rusiya tərəfindən buna bənzər jestlər və ya mesajlar verilir.

Xüsusilə son illərdə bu hallar çoxalıb. Bu, göstərir ki, Ermənistanda yaranan bəzi hərəkatlar spontan deyil və vətəni xilas etmək məqsədi daşımır, əksinə, xarici siyasi mərkəzlər tərəfindən idarə olunur. Belə addımlar bunu bir daha təsdiqləyir,” – deyə deputat vurğulayıb.

Baş nazir Nikol Paşinyanın arxiyepiskop Yezras Nersisyanın KQB agenti olması barədə bəyanatına toxunan Badalyan qeyd edib:

“Xalq bu barədə çoxdan danışır, amma biz, hakimiyyət olaraq, bir şeyi nəzərə almalıyıq ki, müvafiq addımlar atmaq lazımdır”.

“Bu barədə faktlar varmı, hansısa materiallar dərc olunacaqmı?” sualına cavab olaraq deputat deyib:

“Mən ümid edirəm ki, bütün bunların ardınca mütləq faktlar təqdim olunacaq. Baş nazir faktlar olmadan belə bir bəyanat verməz. Biz gərək növbəti hadisələri gözləyək… Təcrübə göstərir ki, baş nazir faktları dərc etməzdən və ya əməli addımlara keçməzdən əvvəl eyhamlar vurur, xalqı hazırlayır. Çünki bəzi faktların üzə çıxması şok yarada və psixoloji təsirlər doğura bilər”.

Qeyd edək ki, “Yeni Naxçıvan” Rostov-Don bölgəsinin yaxınlığında yerləşir./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ