Çində gənclik illərində “iPhone 4” və “iPad 2” almaq üçün böyrəyini sataraq əlil qalan Van Şankunun hekayəsi yenidən ictimaiyyətin diqqətini cəlb edib.
2010-cu ildə “iPhone 4” Çində yeniyetmələr arasında müasirliyin simvoluna çevrilmişdi. O vaxt Vanın 17 yaşı var idi və ailəsi kasıb olduğundan bahalı telefon almağa imkanı yox idi. Sosial şəbəkələrdə “böyrəyini satan yaxşı pul qazana bilər” elanını görəndən sonra Van bu barədə ailəsinə demədən gizli orqan alveri şəbəkəsinə müraciət edib.
2011-ci ildə Van qanunsuz əməliyyat keçirərək böyrəyini 20 min yuana (2011-ci ilin məzənnəsinə görə təxminən 3135 ABŞ dolları) satıb və həmin pula arzuladığı cihazları alıb.
Lakin evə qayıtdıqdan sonra anası bunu hiss edib və Van sonda böyrəyini satdığını boynuna alıb. Bir müddət sonra onda ağır infeksiyalar inkişaf edib, qalan böyrəyi isə sıradan çıxmağa başlayıb və təcili hospitalizasiya lazım olub.
2012-ci ildə Çin hakimiyyəti orqan alveri təşkilatçılarını həbs edib və məhkəmə onlara Vanın ailəsinə 1,48 milyon yuan ödəniş etməyi tapşırıb. Ancaq indi kişidə böyrəyin 75%-ə qədəri işləmir, o həmçinin yüksək hərarət, zəiflik və sidik zamanı qanaxmadan əziyyət çəkir.
Van etiraf edib ki, gənclikdə verdiyi bu qərar həyatındakı ən böyük səhv olub. Onun anası isə acı ilə bildirib ki, bəlkə də o vaxt oğluna telefon alsaydı, bütün bunlar baş verməzdi.
Bu hekayə Asiyada “iPhone”nun populyarlığı fonunda yenidən aktuallaşıb. Məqalədə vurğulanır ki, bahalı smartfonlar hələ də status simvolu olaraq qalır və gənclər bəzən yaşıdlarını təsirləndirmək üçün ciddi maliyyə risklərinə gedirlər./lent.az