Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı mühüm irəliləyişlər olsa da, İrəvanda “cadugər ovu” davam edir.
Turkustan.az xəbər verir ki, son dövrlər Azərbaycana casusluq ittihamı ilə həbslərin sayı artıb.
Bir müddət öncə Ermənistan Milli Arxivinin əməkdaşlarının məlumatları Azərbaycana satdığı haqda cinayət işi açılmışdı. Bununla yanaşı, sərhəd kəndlərində yaşayan ermənilərin casusluq etdiyi iddiası tirajlanır.
Üç ay öncə isə Ermənistanın Avstriyaya yeni təyin olunmuş konsulu Aşxen Aleksanyanın Azərbaycana casusluq ittihamı ilə həbs edildiyi məlumatları yayılıb.
“Hraparak” nəşrinin iddiasına görə, həmin vaxt qalmaqal yaranmaması üçün hadisəni gizlətməyə çalışıblar. Lakin nəşr erməni diplomatın həbsi ilə bağlı müəyyən detalları öyrənib.
“Aleksanyan “Zvartnots” hava limanında saxlanılıb. Onun üzərində Azərbaycana casusluq etdiyi şübhəsini yaradan sənədlər tapılıb. Bundan sonra Ermənistanın Milli Təhlükəsizlik Xidməti Xarici İşlər Nazirliyinin binasında axtarışlar aparıb. Həbsdən sonra rəsmi qurumları məlumatı gizlətməyə çalışsa da, müəyyən təfərrüatlar bəlli olub. Əldə etdiyimiz məlumata görə, Aleksanyanın azərbaycanlı sevgilisi olub və o, məlumatları ona verib”, - nəşr iddia edir.
Ermənistan İstintaq Komitəsi də detalları açıqlamasa da, Xarici İşlər Nazirliyinin əməkdaşının casusluq ittihamı ilə saxlanıldığını açıqlamışdı.
Nəşr qeyd edir ki, Aleksanyan bu ittihamları qəbul etmir və yuxarı instansiyalara şikayət etmək niyyətindədir.
Bu məlumatların doğruluğu şübhəlidir, xüsusilə Ermənistanda “Azərbaycan casusları” iddialarının intensiv şəkildə artması fonunda. Görünür, Paşinyan “Azərbaycana işləyən casusları” həbs etməklə Ermənistan ictimaiyyətində “hakimiyyət rəsmi Bakının göstərişləri ilə hərəkət edir” rəyini dəyişməyə çalışır./publika.az