Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı dünyaca məşhur “Scopus” elmi bazasının jurnallarından birində Albert Ayrapetyanla birgə elmi məqalə yazıb.
Turkustan.az “armenews.com” saytına istinadən xəbər verir ki, erməni nazir məqalədə Ermənistan-Türkiyə sərhədinin açılması ilə Türkiyə məhsullarının Ermənistan məhsullarını rəqabətdən kənarda qoymasından narahat olmadığını qeyd edib.
G.Papoyan vəziyyəti elmi cəhətdən təhlil etdiklərini bildirib:
"Biz iki elmi indeks təklif etmişik: oxşarlıq indeksi və tamamlayıcılıq indeksi. Bu o deməkdir ki, Türkiyə və Azərbaycanın ixracı ilə Ermənistanın ixracı oxşar deyil. Ona görə də bizim heç bir problemimiz yoxdur, çünki biz əsasən başqa məhsulları ixrac edirik".
İqtisadiyyat nazirinin sözlərinə görə, bu, birinci, oxşarlıq indeksini izah edir. İkinci, tamamlayıcılıq indeksi 0,5 baldır. Papoyan bunun nə demək olduğunu belə izah edir:
“Biz nəyi idxal edirik və onlar nə istehsal edir, eləcə də biz nə ixrac edirik və onlar idxal edir” sualına aydın cavablar var”.
G. Papoyanın sözlərinə görə, onlar elmi şəkildə sübut ediblər ki, sərhədin açılması ilə Türkiyə məhsulları Ermənistan məhsullarını əlçatmaz qoymayacaq:
"Əksinə, sərhədlərin açılması Ermənistan Respublikası üçün çoxlu imkanlar yaradacaq. Biz tezliklə ikinci məqaləni dərc edəcəyik, burada Ermənistan-Türkiyə sərhədlərinin açılmasının konkret iqtisadi nəticələrinə diqqət yetiriləcək".
Bəs, Ermənistan-Türkiyə sərhədinin açılmasının Ermənistan iqtisadiyyatına hansı təsiri olacaq? Cəmiyyətdə fikirlər fərqlidir.
Sosial-İqtisadi İnkişaf Mərkəzinin direktoru Qaqik Makaryan “Radiolur”a müsahibəsində deyib ki, mövzu bir neçə aspektdən- xarici ticarət, iqtisadi və beynəlxalq əməkdaşlıq, siyasi ölçü- təhlil edilib:
"Ümumilikdə, sərhədin açılması qısamüddətli perspektivdə risklidir, lakin uzunmüddətli perspektivdə bu risklər azala bilər".
Ermənistan Respublikasının sənaye və ticarət nazirinin keçmiş müavini Movses Dzavaryan da Türkiyənin idxalının həcminin sabit qalacağına inanır, eyni zamanda məsələyə real yanaşmağı təklif edir. O bəyan edir ki, Türkiyə bu gün çox önəmlidir:
“Amma gəlin realist olaq: sərhədlərin açılması bizdən asılı deyil".
Bundan başqa bir sıra beynəlxalq təşkilatların təhlillərinə görə, Ermənistan-Türkiyə sərhədinin açılması Ermənistanın ÜDM-ni artıracaq.
İqtisadiyyat Nazirliyinin İqtisadi Araşdırmalar Departamentinin rəhbəri Albert Ayrapetyan bu artımın miqyası və üsullarını təfərrüatlı şəkildə açıqlayır. ÜDM artımı 30%-ə çatacaq, xarici ticarət kəsiri isə 30-50% azalacaq. Dünya Bankının hesablamalarına görə, ixrac artımı ÜDM-in 30-38% artmasına səbəb ola bilər və potensial ixrac həcmi ÜDM-in 15-19%-ni təşkil edəcək. Almaniya İqtisadi Məsləhət Təşkilatının məlumatına görə, Ermənistanın Türkiyəyə ixracı ümumi ixracın 6,7%-nə çata bilər.
Ermənistanda xarici ticarətin dövlət tənzimlənməsi üçün bütün lazımi alətlər var, Dövlət Gəlirləri Komitəsinin Gömrük və Xarici İqtisadi Fəaliyyətə Nəzarət Departamentinin rəis müavini Mher Martriosyan “Radiolur”a müsahibəsində onların seçilməsi və tətbiqinin iqtisadi siyasətin tərkib hissəsi olduğunu vurğulayıb.
Ermənistan Dövlət Gəlirləri Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-dekabr aylarında Ermənistan və Türkiyə arasında ticarət dövriyyəsi 89 milyon dollardan çox olub. Ermənistan Türkiyədən ixrac etdiyindən daha çox mal idxal edib. İdxal əsasən toxuculuq məhsulları, neft və neft məhsulları, elektrik avadanlıqlarından ibarət olub. Ermənistan Türkiyəyə emal olunmamış qurğuşun və heyvan mənşəli materiallar ixrac edib.