KKTC Konstitusiya Məhkəməsi liseylərdə hicaba icazə verən qanun dəyişikliyini ləğv etdi.
Turkustan.az xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) liseylərdə şagirdlərin hicablı təhsil almasına imkan yaradan “İntizam Nizamnaməsi”ndəki dəyişiklik Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilib.
Sözügedən dəyişiklik bu ilin aprel ayında Nazirlər Kabineti tərəfindən “qanun qüvvəsində fərman”la həyata keçirilmiş və Milli Təhsil Nazirliyinin “İntizam Nizamnaməsi”nə əlavə edilərək liseylərdə hicablı şagirdlərin təhsil almasına hüquqi zəmin yaratmışdı.
Lakin Kipr Türk Orta Təhsil Müəllimlər Birliyi (KTOEÖS) bu qərarın hüquqi əsaslara söykənmədiyini bildirərək məsələni Konstitusiya Məhkəməsinə daşıyıb.
Bu gün keçirilən iclasda məhkəmə “qanun qüvvəsində fərman”ın Respublika Məclisi tərəfindən təsdiqlənmədiyi üçün hüquqi qüvvəsinin olmadığını əsas gətirərək dəyişiklik qərarını ləğv edib. Qərarı Yargıtay sədri Bertan Özerdağ elan edib.
Məhkəmə qərarının açıqlanması zamanı məhkəmə binası qarşısında həm qərara dəstək verən, həm də etiraz edən vətəndaşlar toplaşaraq müxtəlif şüarlar səsləndiriblər.
Qeyd edək ki, KTOEÖS daha əvvəl bu dəyişikliklərə etiraz olaraq hicablı şagirdlərin dərsə qatıldığı bəzi liseylərdə tətil elan etmişdi.
Aytən Yaşar/ Turkustan.az