Berlindən XƏBƏRDARLIQ: Rusiya təyyarələri Alman freqatı üzərindən uçdu


Rusiya Alman freqatı üzərindən uçuşlar edərək NATO-nu təxribata çəkməyə çalışır.

Turkustan.az xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius Rusiya təyyarələrinin Baltik dənizində Almaniya Hərbi Dəniz Qüvvələrinə məxsus freqatın üzərindən uçduğunu iddia edib. O, bu addımı Rusiyanın NATO-ya qarşı təxribat cəhdi kimi qiymətləndirib.

Pistorius bu fikirləri Almaniyanın 2026-cı il büdcəsi ilə bağlı Bundestaqda keçirilən müzakirələr zamanı səsləndirib. Nazir bildirib ki, Rusiya Prezidenti Vladimir Putin NATO-nun zəif nöqtələrini müəyyənləşdirərək alyansı təxribata çəkməyə çalışır.

“Putin NATO-ya üzv ölkələri təxribata sürükləmək və alyans daxilindəki sözdə zəiflikləri ifşa edib onlardan istifadə etmək istəyir”, – deyə Pistorius vurğulayıb.

Nazir əlavə edib ki, Rusiya təyyarələri və pilotsuz uçuş aparatları Polşa və Estoniya hava məkanına da təkrarən müdaxilə edir. Baltik dənizindəki son insident isə gərginliyin artdığını göstərir.

Pistorius NATO-nun Rusiyanın bu cəhdlərinə qarşı həm aydın, həm də ehtiyatlı cavab verdiyini bildirib:

“Biz Rusiyanın təxribatlarına cavab veririk, lakin panikaya qapılmırıq. Gərginliyin artmasına imkan vermədən, ehtiyatlı və qətiyyətli davranırıq”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ