Bu ilin yanvar-iyul aylarında Azərbaycan 55,2 min ABŞ dolları dəyərində 77,81 ton lobya (təzə və ya soyudulmuş) idxal edib.
Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 29 %, kəmiyyət olaraq – 30 % azdır. Hesabat dövründə Azərbaycan Türkiyədən 54 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 26 % az) 77,3 ton (-25 %), Argentinadan 0,5 min ABŞ dolları dəyərində 0,2 ton, Braziliyadan 0,3 min ABŞ dolları dəyərində 0,1 ton, Misirdən 0,3 min ABŞ dolları dəyərində 0,1 ton (1 il əvvəl tədarük olmayıb), İrandan 0,04 min ABŞ dolları dəyərində (-20 %) 0,07 ton (-59 %) məhsul alıb. Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə Argentinadan və Braziliyadan tədarük həyata keçirilib.
Qeyd edək ki, bu gün Azərbaycan idxalçı ölkəyə çevrilib. Maraq doğuran isə odur ki, idxal edilən bir sıra kənd təsərrüfatı məhsullarını elə ölkədə istehsal mümkündür. Həmin məhsullardan biri də lobyadır ki, hazırda bu məhsul müxtəlif bölgələrdə istehsal edilir.
O zaman niyə lobya idxalı üçün 55 min dollar vəsait sərf edilir?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda idxal-ixrac əməliyyatları sahibkarların nöqteyi-nəzərindən ölçülür:
“Sahibkarlar görür ki, ölkənin daxilində hansısa məhsulun idxalı üçün tələbat var. Onlar həmin məhsulu idxal edirlər. Yəni onların marağı hər hansı məhsulu ölkəyə gətirib, satıb pul qazanmaqdır. Bu, müəyyən dövlət qurumları üçün bir göstəricidir ki, lobya Azərbaycanda kifayət qədər istehsal oluna bilər, ancaq istehsal daxili tələbatı ödəyə bilmir.
Ona görə də lobyanın idxalı həyata keçirilir. Hökumət bu siqnalı aldıqdan sonra həmin istiqamətdə cəhdlər göstərməlidir ki, ölkənin daxili tələbatı ödəmək üçün istehsal çoxalsın. Fermerlər daha çox lobya əksinlər, daha çox pambıq əkməsinlər. Pambıq nə ərzaq kimi tələbatı ödəyir, nə keyfiyyətli məhsul kimi dünya bazarında üstün qiymətə satılır. Pambıq tarlası əvəzinə lobya əkilməsi daha məqəsəduyğundur. Hökumət bunu stimullaşdırmalıdır ki, lobya eləcə də digər daxili tələbatı ödəyən məhsullar əksinlər”.
Ekspert bildirib ki, stimullaşdırma bu istiqamətdə olmalıdır:
“Ancaq biz, məsələn, taxılı, pambığı stimullaşdıırırıq, digər məhsullar yaddan çıxır. Ümumilikdə ötən il kənd təsərrüfatı məhsullarının idxalına 5 milyard dollara yaxın vəsait xərclənib. Valyuta axınının qarşısını almaq üçün kənd təsərrüfatı siyasətini dəyişməliyik. Potensiala uyğun elə məhsullar idxal etməliyik ki, valyutamız kənara getməsin”.