Anonim profil sahiblərinə XƏBƏRDARLIQ - “Şəxsin təqibi əvəzinə hüquqi yollara müraciət edin”


“Anonim hesab sahiblərinin müəyyən edilməsi texniki və hüquqi tərəfləri birləşdirən mürəkkəb prosesdir”.

Bu sözləri “Yeni Sabah”a Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov bildirib.

O qeyd edib ki, texniki baxımdan sosial şəbəkə və onlayn xidmətlərə daxilolma zamanı yaranan ən əsas rəqəmsal izlərə IP ünvanları, cihaz identifikatorları (MAC ünvanları, cihaz fingerprinting), brauzer və tətbiq metadata-sı, istifadə vaxtları və fəaliyyət nümunələri, əlaqəli e-poçt və telefon nömrələri, həmçinin ödəmə və vəsait köçürmələrinə aid məlumatlar daxildir:

“Platformalar istifadəçi fəaliyyəti barədə ətraflı server loglarını saxlayır və bu loglar ilkin istintaq üçün vacib sübut mənbəyi olur. Əlavə olaraq, şəkil, video və mətnlərdəki EXIF/metadata, paylaşımın geotag məlumatları və ya eyni məzmunun digər hesablarla kross-referanslaşdırılması da kimliyin müəyyənləşdirilməsində istifadə olunur”.

E. Abbasov bildirib ki, hüquqi aspekt isə məhz bu texniki məlumatların əldə olunma qaydasını və etibarlılığını tənzimləyir:

“Sosial şəbəkələr adətən istifadəçi məlumatlarını birbaşa açıqlamır; bu məlumatların verilməsi üçün müvafiq ölkədə fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının rəsmi sorğusu, məhkəmə qərarı və ya beynəlxalq hüquqi yardım mexanizmi tələb olunur. İnternet provayderləri (ISP) IP-dən konkret abunəçini müəyyən etmək üçün hüquqi sorğu əsasında çağırılırlar, çünki dinamik IP istifadə edilən hallarda belə mapping yalnız operatorun loqları ilə mümkündür. Beynəlxalq hallar üçün isə qarşılıqlı hüquqi yardım (MLA / Mutual Legal Assistance) və interpola və ya beynəlxalq hüquq-mühafizə kanalları üzrə əməkdaşlıq həyata keçirilir”.

Ekspertin sözlərinə görə, bu işi əsasən Daxili İşlər Nazirliyinin kibercinayətkarlıqla mübarizə bölmələri və ölkənin xüsusi xidmət və təhlükəsizlik strukturları aparır; həmçinin müvafiq ixtisaslaşmış dövlət orqanları (məsələn, CERT, elektron təhlükəsizlik agentlikləri) və prokurorluq prosesə cəlb edilir. Özəl sektordan isə sosial şəbəkə platformalarının təhlükəsizlik və hüquq şöbələri, həmçinin telekommunikasiya operatorları və kiberforensika şirkətləri ilə əməkdaşlıq olunur. Rəqəmsal forensika laboratoriyaları cihazların fiziki və loq kopiyalarını çıxarıb ekspertizalar aparır və nəticələri məhkəmədə sübut kimi təqdim ediləcək formatda hazırlayırlar.

Praktiki olaraq anonimliyi pozmaq hər zaman mümkün olmur; VPN, Tor, proxy xidmətləri, kompromitə edilmiş və ya “burner” hesablar, sim kartların anonim alınması və cross-border infrastrukturlar izlənməni çətinləşdirir. Buna görə də istintaq çox vaxt çoxmərhələli olur: ilkin platforma loqundan başlanır, operator məlumatı ilə IP-nin abunəçiyə aidiyyəti təsdiqlənir, cihaz forensikası ilə şəxsiyyətə bağlanır və əlavə sübutlar (məsələn, e-poçt serverləri, ödəniş rekordları, kamera görüntüləri) ilə tamamlanır. Hüquqi və texniki boşluqlar, müxtəlif ölkələrdə fərqli qanunvericilik və məlumatların saxlanma müddətləri də işi çətinləşdirir və beynəlxalq əməkdaşlığı labüd edir”.

Ekspert tövsiyə edib ki, bu məsələdə şəxsin təqibi əvəzinə hüquqi yollara müraciət edilsin:

“Tövsiyə olaraq, media və ictimaiyyət hesabına düşən öhdəlik odur ki, şikayətləri və nümunələri rəsmi kanallarla (platforma daxili report, hüquq-mühafizə orqanları) dərhal təqdim etsinlər və şəxsi təqib əvəzinə hüquqi yollara müraciət etsinlər. Təşkilatlar öz tərəflərindən logların saxlanması, girişə nəzarət, ikifaktor autentifikasiya və insidentlərin qeydiyyatı üçün prosedurlar tətbiq etməli, şəffaf və məhkəmə üçün uyumlu sübut toplama qaydalarını təmin etməlidirlər. Bu yanaşma anonimliyin arxasında duran zərərli fəaliyyəti aşkarlamaqda həm texniki, həm də hüquqi baxımdan ən effektiv yoldur”.


MANŞET XƏBƏRLƏRİ