Rusiya müharibəni davam etdirmək üçün bütün variantlara əl atır - Vadeful


Rusiyanın Ukraynaya qarşı təcavüzünə son qoyulmalıdır ki, bu təhdid daha geniş yayılmasın.

Turkustan.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful Almaniya diplomatik nümayəndələrinin iclasını açarkən bildirib.

Nazir vurğulayıb ki, Avropa hazırda müharibə ilə üz-üzədir və Rusiya qitənin təhlükəsizlik arxitekturasını təhdid edir:

“Biz Avropada müharibə yaşayırıq. Rusiya bizim təhlükəsizlik nizamımıza hücum edir və əgər biz onu dayandırmasaq, aqressiyasını davam etdirəcək. Açıq şəkildə demək istəyirəm: Avropanın gələcəyi Ukraynada həll olunacaq.”

Yohan Vadeful qeyd edib ki, Avropa qitəsində sərhədlərin zorla dəyişdirilməsi qətiyyən yolverilməzdir.

Nazir həmçinin ABŞ prezidenti Donald Trampın Ukraynada insan itkilərinə son qoymaq səylərini dəstəklədiyini, lakin Alyaskada keçirilən ABŞ–Rusiya sammitindən üç həftə sonra Rusiyanın münaqişəni davam etdirmək və planlaşdırılan üçtərəfli görüşdən yayınmaq üçün bəhanələr axtardığını bildirib.

Sonda Vadeful bəyan edib:

“Silahlar bu gün hələ susmayıb və nə vaxt susacağını da bilmirik. Amma Almaniya Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə öz töhfəsini verəcək. Avropa artıq öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ