ABŞ prezidenti Donald Tramp administrasiyasının Massaçusets ştatında “ölkəyə qeyri-qanuni yollarla daxil olan və cinayət törətdiyi güman edilən mühacirlərin deportasiyası” üçün yeni əməliyyata başladığı bildirilir.
Turkustan.az xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DHS) CNN-ə açıqlamasında bildirib ki, “Patriot 2.0” adlandırılan və ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən həyata keçirilən bu əməliyyat may ayında başlamış oxşar bir kampaniyanın davamıdır.
DHS tərəfindən verilən bəyanatda Bostonun Demokrat merisi Mişel Vunun həyata keçirdiyi “müqəddəs şəhər” (sanctuary city) siyasəti tənqid olunub. Açıqlamada qeyd edilib ki, bu siyasət “cinayətkarları cəlb edir və ictimai təhlükəsizliyə təhdid yaradır”.
Nazirlik əlavə edib ki, yerli orqanlar tərəfindən azad edilən immiqrant cinayətkarlar federal qüvvələr tərəfindən saxlanılaraq deportasiya olunacaq.
Digər tərəfdən, Boston meri Mişel Vu bildirib ki, şəhər bu əməliyyatı dəstəkləməyəcək və şəhərin resursları ICE-nin fəaliyyətinə ayrılmayacaq.
Massaçusets ştatının qubernatoru Maura Healey isə MSNBC-yə açıqlamasında bildirib:
“ICE və Tramp administrasiyasının bu addımı ictimai təhlükəsizliklə deyil, siyasi manipulyasiya və qorxu yaymaqla bağlıdır.”
ABŞ Ədliyyə Nazirliyi isə Bostonun “müqəddəs şəhər” siyasəti ilə bağlı Vu administrasiyasına qarşı rəsmi iddia qaldırıb.
Daxili Təhlükəsizlik naziri Kristi Noem bu ayın əvvəlində ICE-nin ölkənin digər böyük şəhərlərində də fəaliyyətlərini genişləndirməyi planlaşdırdığını təsdiqləyib.
Eyni zamanda, ABŞ-ın Los-Anceles şəhərində ICE tərəfindən saxlanılan qeyri-qanuni mühacirlərə dəstək məqsədilə keçirilən nümayişlər zamanı çox sayda insan saxlanılıb və təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşmalar baş verib.
Məlumata görə, Tramp administrasiyası vəziyyətə nəzarəti gücləndirmək məqsədilə bəzi bölgələrə Milli Qvardiya və Dəniz Piyadalarını yerləşdirib.
Aytən Yaşar/ Turkustan.az