Avropa silahlanır: Aİ-nin müdafiə xərcləri 381 milyard avroya çatır!


Aİ-nin müdafiə xərcləri rekord həddə çatır.

Turkustan.az xəbər verir ki, Avropa Müdafiə Agentliyi Aİ-yə üzv 27 ölkənin müdafiə sahəsindəki illik xərcləri ilə bağlı “2024–2025 Müdafiə Məlumatları” adlı hesabatını yayımlayıb.

Sənəddə qeyd olunur ki, bu il Aİ ölkələrinin ümumi müdafiə xərcləri 381 milyard avroya yüksələcək. Bu, Avropa İttifaqı tarixində rekord göstərici sayılır və üzv dövlətlərin ÜDM-nin 2,1 faizinə bərabərdir.

2024-cü ildə müdafiə büdcəsinin əvvəlki illə müqayisədə 19 faiz artaraq 343 milyard avroya çatdığı vurğulanıb. Bu artımın əsas səbəbi kimi silah alışı və tədqiqat–inkişaf sahələrinə qoyulan investisiyaların genişlənməsi göstərilib.

Hesabatda ilk dəfə olaraq müdafiə sərmayələrinin 106 milyard avronu keçdiyi və bu məbləğin ümumi xərclərin 31 faizini təşkil etdiyi bildirilir. Bu da indiyədək qeydə alınan ən yüksək göstərici kimi qiymətləndirilir.

Proqnozlara görə, artım tendensiyası 2025-ci ildə də davam edəcək və müdafiə sərmayələrinin 130 milyard avroya yaxınlaşacağı gözlənilir.

Agentlik vurğulayıb ki, Aİ ölkələri dəyişən təhlükəsizlik mühitinə uyğun olaraq hərbi qabiliyyətlərini gücləndirməyə və çəkindirici gücünü artırmağa önəm verir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ