Bassent: Rusiyaya qarşı yeni sanksiyalar nəzərdən keçirilir


ABŞ Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir.

Turkustan.az xəbər verir ki, ABŞ-ın maliyyə naziri Skott Bassent Fox News-a verdiyi müsahibədə Ukraynanı bombalamağa davam edən Rusiyaya qarşı yeni sanksiyaların gündəmdə olduğunu bildirib.

Bassentin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin ABŞ və Avropa liderləri ilə görüşlərdə verdiyi sözlərin tam əksinə hərəkət edir və "bombardman kampaniyasını biabırçı şəkildə gücləndirir".

Mümkün sanksiyalarla bağlı suala cavab verən Bassent bildirib:
"Bütün variantlar prezident Trampla masadadır və düşünürəm ki, bu həftə onları çox yaxından araşdıracağıq."

Qeyd edək ki, avqustun 15-də Alyaskada Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinə son qoyulması istiqamətində irəliləyişin olub-olmayacağını "iki həftə ərzində" biləcəklərini deyib. O, eyni zamanda, Moskvaya qarşı yeni sanksiyaların tətbiq edilə biləcəyinə də işarə edib.

Tramp xəbərdarlıq edib ki, əgər irəliləyiş əldə olunmasa, "böyük sanksiyalar, böyük tariflər və ya hər ikisi" gündəmdə ola bilər.

ABŞ dövlət katibi Marko Rubio isə Alyaska sammitindən sonra verdiyi açıqlamada Trampın yeni sanksiyalar variantını nəzərdən keçirdiyini təsdiqləyib və qeyd edib ki, bu addım "danışıqların sonu" anlamına gələ bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ