“İsrailin Konqresdəki təsiri zəifləyib”.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “The Daily Caller” saytına verdiyi müsahibədə ABŞ Konqresində İsrailə dəstəyin son 20 ildə nəzərəçarpacaq dərəcədə azaldığını etiraf edib.
İsrailin Konqresdəki əvvəlki təsiri ilə bağlı danışan Tramp bildirib:
“20 il geriyə getsəniz, sizə deyim ki, heç bir təşkilat, şirkət, qurum və ya hökumət İsrail qədər güclü lobbi gücünə malik deyildi. Bu gün isə artıq vəziyyət belə deyil. Bu, inanılmazdır.”
Tramp həmçinin qeyd edib ki, əvvəllər İsrail ABŞ Konqresi üzərində “tam nəzarətə” sahib idi, lakin son zamanlar bu təsirin azalması onu təəccübləndirib.
O, Təl-Əviv rəhbərliyinin Qəzzaya qarşı hücumlarını da şərh edərək bildirib ki, İsrail bu hücumlara ən qısa zamanda son verməlidir. Prezidentin fikrincə, hazırkı vəziyyət İsrailin beynəlxalq imicinə ciddi zərər vurur.
“Bununla bağlı heç bir şübhə yoxdur. Onlar müharibədə qalib gələ bilərlər, lakin ictimai rəy mübarizəsində qalib gəlmirlər,” – deyə Tramp vurğulayıb.
Qeyd edək ki, Pew Araşdırma Mərkəzinin 2024-cü ilin mart ayında apardığı sorğu da Trampın fikirlərini təsdiqləyir. Belə ki, xüsusilə gənc Respublikaçılar arasında İsrailə dəstəyin azaldığı müşahidə olunub.
Sorğu nəticələrinə görə, İsrailə mənfi münasibət bildirənlərin faizi 2022-ci illə müqayisədə 11 faiz artaraq 53 faizə çatıb. 50 və daha aşağı yaş qrupuna aid Respublikaçı seçicilər arasında isə bu rəqəm 2022-ci ildə 35 faiz olduğu halda, 2024-cü ildə 15 faiz artaraq 50 faizə yüksəlib.
Aytən Yaşar/ Turkustan.az