İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağına 22 aydır davam edən hərbi hücumların miqyasını artırmaq qərarına gəlib.
Turkustan.az xəbər verir ki, İsrail mediası bildirir ki, Netanyahu bu qərarı təhlükəsizlik qurumları ilə fikir ayrılıqlarına baxmayaraq qəbul edib.
İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, bir neçə yüksək rütbəli nazir Netanyahu ilə keçirdikləri görüşdə onun hücumların israilli məhbusların saxlandığı ehtimal edilən bölgələri də əhatə edəcək şəkildə genişləndirilməsi barədə göstəriş verdiyini bildirib. Nazirlərin sözlərinə görə, baş nazir bu görüşlər zamanı “Qəzza zolağının işğalı” ifadəsini işlədib.
Netanyahu yaxın günlərdə təhlükəsizlik kabinetini toplayaraq, “müharibə məqsədlərinə nail olmaq üçün” yeni qərarlar qəbul etməyə hazırlaşır.
İsrail mediası həmçinin qeyd edir ki, İsrail ordusu Qəzzaya qarşı mərhələli hücum planı üzərində işləyir. Bu plan çərçivəsində çoxsaylı məcburi köçkünün sığındığı qaçqın düşərgələri və digər həssas bölgələrə qurudan hərbi müdaxilə nəzərdə tutulur.
İddialara görə, İsrail ordusu indiyədək həmin bölgələrə qurudan hücum etməkdən, orada girovların ola biləcəyi ehtimalına görə çəkinirdi. Lakin bu həftə Nazirlər Kabinetində həmin ərazilərə yönəlik genişmiqyaslı hərbi planın müzakirəyə çıxarılacağı bildirilir./Musavat.com