ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) Direktoru vəzifəsini icra edən Todd Lyons bildirib ki, ölkədə cinayət keçmişi olmasa belə, qeyri-qanuni yaşayan şəxslər saxlanılacaq və icazəsiz işçiləri işə götürən şirkətlərə qarşı sərt tədbirlər görüləcək.
Turkustan.az xəbər verir ki, Lyons bu fikirləri CBS News-un “Face the Nation” proqramına verdiyi müsahibədə səsləndirib.
O qeyd edib ki, ICE əməliyyatları zamanı resurslar əsasən qeyri-qanuni immiqrantlara və ciddi cinayət keçmişi olan şəxslərə yönəldiləcək. Bununla belə, cinayət qeydi olmayan, lakin ABŞ-da qanunsuz şəkildə yaşayan şəxslərin də hədəf alınacağını vurğulayıb.
Lyons əlavə edib ki, iş yerlərində yoxlamalar davam edəcək və bu istiqamətdə heç bir məhdudiyyət yoxdur. Onun sözlərinə görə, ICE yalnız qeyri-qanuni işçiləri deyil, onları işə götürən işəgötürənləri də məsuliyyətə cəlb etməyi planlaşdırır.
CBS-in əldə etdiyi ICE statistikasına əsasən, Prezident Donald Trampın hakimiyyəti dövründə təxminən 150.000 nəfər deportasiya olunub. Onlardan 70.000-nin yol hərəkəti qaydalarının pozulması və ya immiqrasiya qanunlarının pozulması ilə bağlı cinayət keçmişi olub.
Aytən Yaşar/ Turkustan.az