İran–İsrail qarşıdurması fonunda diqqət çəkən əsas məqamlardan biri də FƏTH hərəkatının və Fələstin Administrasiyasının tutduğu mövqedir. Rəsmi Ramallahın son açıqlamaları faktiki olaraq İsrailin mövqeyi ilə paralellik təşkil edir. Bu isə regionda yeni siyasi reallığın formalaşdığını göstərir.
Müsəlman ölkələrinin əksəriyyəti də baş verənlərə ciddi və prinsipial reaksiya göstərmir. Məsələn, İordaniya mümkün qaçqın dalğasından ehtiyat edir, Misir isə məsələ ilə bağlı açıq mövqe bildirməkdən yayınır. Livan daxilində isə parçalanma var. “Hizbullah” İrandan hərbi yardım gözləyir, lakin Livan siyasi elitası İsraillə mümkün yaxınlaşma yollarını müzakirə edir.
Qüds Universitetinin professoru Eli Fuda bu paradoksal mənzərəni belə izah edir:
“Ərəb ölkələrinin bir çoxu İranın neytrallaşdırılması üçün gizli şəkildə İsrailə dəstək verir.”
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, Tehranın İslam dünyasında gözlənilən dəstəyi ala bilməməsinin bir neçə əsas səbəbi var:
“Birincisi, İran uzun illər öz proksiləri vasitəsilə regionda sabitliyi pozub. Həşdi-Şabi İraqda, “Hizbullah” Livanda, “HƏMAS” Fələstində, Husilər Yəməndə Tehranın maraqlarını həyata keçirir. Hətta Azərbaycanda belə kəriməçi radikallar İran tərəfindən təlimatlandırılaraq daxili sabitliyi pozmağa çalışıblar. İran son dövrlər bəzi qonşu ölkələrlə münasibətləri normallaşdırmağa çalışsa da, müsəlman dünyasında ona qarşı ciddi etimadsızlıq formalaşıb.
Qabil Hüseynli
İkincisi, İran islam dünyasında məzhəbi baxımdan birləşdirici güc rolunu oynaya bilməyib. Regiondakı müsəlman ölkələrinin böyük əksəriyyəti sünni məzhəbinə mənsubdur, İran isə şiə mərkəzlidir. Məzhəblərarası gərginliklərin bir çoxunda İranın dolayısı və ya bilavasitə rolu olduğu düşünülür, bu da onun əleyhinə olan mövqeləri gücləndirir.
Üçüncüsü, bir çox müsəlman ölkə İsraillə birbaşa qarşıdurmaya getmək istəmir. İsrail əhalisinin sayı az olsa da, texnoloji və maliyyə imkanları baxımından regionun bir çox dövlətindən üstündür. Xüsusilə İsraillə sərhəddə yerləşən ölkələr belə bir münaqişənin tərəfi olmaqdan çəkinirlər. Elə Fələstinin özü də bu qarşıdurmada bütün varlığını risk altına atmaq istəmir və mövcud ərazilərini qorumağı prioritet sayır.
Mövcud vəziyyət göstərir ki, İran İslam dünyasında əvvəllər güvəndiyi siyasi və ideoloji dayaq nöqtələrini itirib. Regiondakı bir çox dövlətlər artıq “müsəlman həmrəyliyi” yox, praqmatik siyasi maraqlar və özlərinin milli təhlükəsizlik prioritetləri ilə hərəkət edirlər. Bu isə İranın qarşıdurmada daha da təcrid olunmuş aktora çevrildiyini sübut edir”.
Turan Rzayev