Ermənistanın keçmiş hakimiyyətinin fəaliyyəti ilə bağlı növbəti qalmaqallı iddialar səsləndirilib. ABŞ-də yaşayan erməni bloger Eduard Poqosyan yaydığı videomüraciətdə keçmiş prezident Robert Köçəryan dövrünü sərt tənqid edib, atasının qətli ilə bağlı illərlə gizlədildiyini iddia etdiyi məqamları açıqlayıb.
Turkustan.az xəbər verir ki, bloger atası Maer Poqosyanın ölümü ilə bağlı rəsmi versiyanın həqiqəti əks etdirmədiyini bildirib.
Eduard Poqosyanın sözlərinə görə, atası uzun illər Ermənistan cəmiyyətinə müharibədə həlak olmuş şəxs kimi təqdim edilsə də, əslində onun ölümü tamam başqa şəraitdə baş verib. Bloger videoda müxtəlif sənədlər nümayiş etdirərək həmin dövrdə bir sıra faktların saxtalaşdırıldığını iddia edib.
Poqosyan bildirib ki, atasının ölümündən sonra ona dövlət mükafatı verilməsi və hadisənin qəhrəmanlıq nümunəsi kimi təqdim olunması əsl həqiqətin ört-basdır edilməsinə xidmət edib. O, həmin proseslərdə keçmiş hakimiyyət nümayəndələrinin rol oynadığını irəli sürüb.
Videomüraciətdə bloger qətlin icraçısı kimi Qrant Qriqoryanın adını çəkib. O bildirib ki, Qriqoryan sonradan heç bir məsuliyyət daşımayıb, əksinə siyasi karyera quraraq parlament üzvünə çevrilib. Poqosyan bunun Ermənistanın keçmiş siyasi sisteminin mahiyyətini göstərdiyini vurğulayıb.
Erməni bloger xüsusilə Robert Köçəryan hakimiyyəti dövründə formalaşan idarəetmə modelini sərt tənqid edərək həmin illərdə şahidlərə təzyiqlər göstərildiyini, istintaq və məhkəmə mexanizmlərinin siyasi məqsədlər üçün istifadə olunduğunu iddia edib.
“Onlar bir orkestrdir, sadəcə skripkaları fərqlidir”, - deyə Poqosyan keçmiş hakimiyyət nümayəndələri barədə danışarkən bildirib.
Blogerin fikrincə, bu hadisə təkcə onun ailəsinin faciəsi deyil. O qeyd edib ki, Ermənistanın keçmiş hakimiyyəti dövründə baş vermiş oxşar hadisələrin sayı yüzlərlə, hətta minlərlədir və bu faktlar hələ tam şəkildə araşdırılmayıb.
Poqosyan qarşıdan gələn siyasi proseslər fonunda erməni cəmiyyətinə müraciət edərək keçmiş hakimiyyət nümayəndələrinin yenidən ön plana çıxmasına imkan verilməməsinin vacibliyini vurğulayıb. O, hazırkı hakimiyyətin həyata keçirdiyi araşdırmaların davam etdirilməsinin tərəfdarı olduğunu gizlətməyib və faktiki olaraq Baş nazir Nikol Paşinyanın mövqeyini dəstəklədiyini nümayiş etdirib.
Son illərdə Ermənistanda keçmiş hakimiyyət nümayəndələri ilə hazırkı iqtidar arasında siyasi qarşıdurma daha da kəskinləşib. Paşinyan tərəfdarları Köçəryan-Sarkisyan komandasını ölkədə uzun illər korrupsiya, qanunsuzluq və cəzasızlıq mühiti yaratmaqda ittiham edir. Müxalifət isə bu ittihamları siyasi təqib kimi qiymətləndirir.
Eduard Poqosyan isə hesab edir ki, atasının işi üzrə ortaya çıxan faktlar keçmiş sistemin mahiyyətini göstərən minlərlə nümunədən yalnız biridir.
/Musavat.com