ABŞ Prezidenti Donald Tramp 2025-2029-cu illər arasında doğulacaq hər bir Amerika vətəndaşı körpə üçün dövlət tərəfindən maliyyələşdirilən 1000 dollarlıq investisiya hesabı açılacağını açıqlayıb.
Turkustan.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp bu barədə Ağ Evdə "Uber", "Goldman Sachs" və "Dell Technologies" kimi nəhəng şirkət rəhbərlərinin də iştirak etdiyi görüşdə danışıb.
Yeni plana əsasən, 31 dekabr 2024 və 1 yanvar 2029 tarixləri arasında doğulan uşaqların adına bir dəfəlik 1000 dollar dövlət vəsaiti yatırılacaq. Valideynlər bu hesabları idarə edəcək və illik 5000 dollara qədər əlavə vəsait yatıra biləcəklər.
Tramp təşəbbüsü “milyonlarla ailənin iqtisadi inkişafdan faydalanaraq övladlarına daha yaxşı gələcək qurmasına imkan verəcək ailə yönümlü layihə” kimi dəyərləndirib.
Görüşdə iştirak edən biznes nəhəngləri layihəyə dəstək verərək əməkdaşlarının uşaqları üçün milyardlarla dollar dəyərində yardım vədi veriblər.
ABŞ Nümayəndələr Palatasının sədri Mayk Conson da təşəbbüsü alqışlayıb: “Bu siyasət uşaqlara dünyaya gəldikləri andan etibarən maliyyə üstünlüyü qazandıracaq. Bu, ailə, həyat və bərabər imkanları dəstəkləyən mövqeyimizin göstəricisidir”.
Qeyd edək ki, bu investisiya hesabları Trampın genişmiqyaslı islahat paketinin tərkib hissəsidir. Lakin layihənin taleyi Senatda daha ehtiyatlı yanaşan Respublikaçılar tərəfindən müəyyən ediləcək. Hesablar yalnız bu qanun qəbul olunduqdan sonra reallaşa biləcək.