"ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukrayna ilə münaqişədə qalib gələcəyinə inanır".
Turkustan.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "ABC News" telekanalına verdiyi müsahibəsində deyib.
Jurnalist ondan amerikalı həmkarının Rusiyanın müharibədə qalib gələcəyini düşünüb-düşünmədiyini soruşub.
Zelenski isə cavabında bildirib:
“Düşünürəm, o (Tramp – red.) bunu açıq şəkildə deyib və mən bilirəm ki, bu fikrini ətrafındakı bir neçə nəfərlə də bölüşüb”.
Zelenski əlavə edib ki, bu fikrin doğru olmadığını dəfələrlə vurğulayıb. Onun sözlərinə görə, əsas məsələ "irəliləmək təşəbbüsünü kim əldə edəcək" məsələsidir. Əgər ABŞ Ukraynaya dəstəyi dayandırsa, Rusiya üçün şanslar artacaq. Bu halda Ukrayna daha çox itki verəcək və münaqişə onun məğlubiyyəti ilə daha tez başa çata bilər.
Elə həmin müsahibədə Ukrayna lideri onu da bildirib ki, ABŞ Yaxın Şərqə 20 min raket göndərib, halbuki bu raketlərin Kiyevə verilməsi nəzərdə tutulmuşdu. Zelenskinin sözlərinə görə, bu raketlər “Shahed” (İran istehsalı) tipli dronlarla mübarizə üçün həyati əhəmiyyət daşıyır və Ukrayna hər gün infrastrukturuna edilən hücumlara qarşı məhz bu silahlara ümid edirdi. /publika.az/