Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır


Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen yeni sanksiyalarla Rusiyaya təzyiqləri artıracaqlarını bildirib.

Turkustan.az xəbər verir ki, o, Albaniyada keçirilən Aİ və Aİ üzvü olmayan Avropa ölkələrindən ibarət Avropa Siyasi Birliyinin Zirvə Toplantısından əvvəl çıxış edib.

Avropa Siyasi Birliyinin Rusiya-Ukrayna müharibəsi başlayanda yaradıldığını xatırladan sədr bunun Avropa qitəsində sabitliyi təmin etməyi hədəflədiyini açıqlayıb.

O, Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə Rusiya arasında birbaşa Türkiyədə görüş təklif etdiyini, Ukrayna prezidenti Vladimir Zelenskinin görüşə hazır olduğunu bildirdiyini, lakin Putinin iştirak etmədiyini xatırladaraq: “Bu, prezident Putinin sülh istəmədiyini göstərir” deyib.

Leyen Rusiyaya qarşı yeni sanksiyalar paketi üzərində işlədiklərini bildirib.

"Bu paketə "Şimal axını 1 və 2" ilə bağlı sanksiyalar, Rusiyanın kölgə donanmasından daha çox gəminin siyahıya alınması, neftin qiymətinin aşağı salınması və Rusiyanın maliyyə sektoruna daha çox sanksiyalar daxildir".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ