İrəvan iki kürsüdə oturub - Qərb və Rusiyada ikili oyun oynamağa davam edir.
Turkustan.az xəbər verir ki, bunu rusiyalı politoloq Mixail Belyayev “Moskva-Bakı”ya Paşinyanın Moskvada Qələbə paradına səfərini təhlil edərkən deyib.
“Moskvadakı parada səfərdən əvvəl İrəvan bəyan edib ki, Ermənistan-Rusiya münasibətlərinə xələl gətirmədən AB ilə münasibətləri inkişaf etdirir. Ancaq hər kəsə aydındır ki, belə bir vəziyyətdə sual yaranır, ya Qərb ideologiyasının yanındasınız, ya da Avrasiya İttifaqındasınız. Ermənistanın Qərblə bir yolda necə gedəcəyi mənə tam aydın deyil. İrəvan tərəfindən Rusiya və KTMT-yə qarşı o qədər qəribə, heç də həmişə xoş olmayan bəyanatlar verilib. Ardınca isə parad səfəri. Rusiyaya qarşı bu cür addımlar yalnız ona görə atılır ki, Qərb son illərdə Ermənistana verdiyi dəstəyi dayandırıb. Ona görə də Paşinyan sığortalanmalıdır. Ermənistan parlamentinin spikerinin Rusiyanı hibrid müharibədə ittihamı isə artıq İrəvanın Qərbə boyun əyməsidir”, - o bildirib.
Belyayevin sözlərinə görə, Tramp ABŞ-da hakimiyyətə gəldikdən sonra Qərbin Ermənistana dəstəyi əvvəlkindən daha az olub:
“Amma Paşinyan hələ də Qərbə doğru can atır. Ermənistanın Qərblə vəziyyəti yaxşılaşmayacaq. Rusiya onun qonşusudur. İrəvan üçün qərbyönümlü meyllər reallıqdan uzaqdır. Ermənistanın AB-də firavan və parlaq perspektivləri yoxdur. AB onu qəbul etməyəcək. Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkisində yenidən seçilməsi fonunda Konstitusiyaya dəyişiklik etsə, onu AB qanunvericiliyinə uyğunlaşdırsa, bu, qırmızı xətt olacaq və bundan sonra o, həqiqətən seçim qarşısında qalacaq - ya Avrasiya İttifaqı, ya da AB ilə inteqrasiya. Bu halda Rusiya da reaksiya verməli olacaq”. /axar.az/