Azərbaycan və Ermənistan “Avraam razılaşması”na qoşula bilər - Trampın elçisi


ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff “Breitbart News”a müsahibəsində deyib ki, Vaşinqton “Avraam razılaşması”nın genişləndirilməsinə icazə verib.

Turkustan.az xəbər verir ki, Stiv Vitkoff Azərbaycan və Ermənistanın da yazın gələcəkdə “Avraam razılaşması”na qoşula biləcəyini qeyd edib.

"Mən təxmin edirəm ki, biz nisbətən tezliklə Livanda və hətta Suriyada vəziyyətin normallaşması potensialını görəcəyik. Onlardan güclü müsbət reaksiya gəldi. Bu, Liviya ilə də baş verə bilər. Mən “Avraam razılaşması”na qoşulmaqdan danışıram. Bu, Azərbaycan və Ermənistanla da baş verə bilər, hansı ki, onlar arasındakı münaqişəni həll etməyə çox yaxın olduğumuza inanırıq. Hesab edirəm ki, bu ölkələrin hər ikisi “Avraam razılaşması”na qoşulmaq istəyir", - Stiv Vitkoff deyib.

ABŞ-ın xüsusi nümayəndəsinin sözlərinə görə, “Avraam razılaşması”nın genişlənməsi prezident Donald Tramp üçün çox mühüm təşəbbüsdür və o buna inanır:

“Mən həqiqətən əminəm ki, yaxın bir neçə ay ərzində 4 və ya 5, bəlkə də 6 ölkə “Avraam razılaşması”nı imzalayacaq. Bu, Prezident Trampın dünyada sülh və sabitliyi təşviq etmək üçün xarici siyasət təşəbbüsləri haqqında mühüm siqnal olacaq”.

“Avraam razılaşması” 2020-2021-ci illərdə İsrail və bir sıra ərəb dövlətləri arasında ABŞ-ın vasitəçiliyi ilə imzalanmış bir sıra sazişlərdir. Müqavilənin adı yəhudilik, xristianlıq və islamda adı keçən İbrahim peyğəmbərə istinaddır./modern.az


MANŞET XƏBƏRLƏRİ