E3 kimi tanınan İranla nüvə sazişinin Avropa tərəflərinin mayın 16-da İstanbulda xarici işlər nazirlərinin müavinləri səviyyəsində nüvə məsələsi ilə bağlı görüşəcəyi bildirilib.
Turkustan.az xəbər verir ki, Tehrandan yayımlanan “İrannuances” xəbər saytının verdiyi məlumata görə, İranla 2015-ci ildə E3 kimi tanınan nüvə sazişinin Avropa tərəfləri İranın nüvə proqramı və sanksiyaların ləğvi ilə bağlı məsləhətləşmələr aparmaq üçün mayın 16-da İstanbulda bir araya gələcəklər.
Bildirilib ki, görüşü nazir müavinləri və yüksək səviyyəli diplomatlar aparacaq.
Bildirək ki, İran və ABŞ arasında Omanın vasitəçiliyi ilə aparılan nüvə danışıqları prosesi davam edərkən, tərəflər danışıqların müsbət olduğunu açıqlayıb. Danışıqlarda İran ABŞ-ın birtərəfli sanksiyalarının ləğvi müqabilində nüvə proqramını məhdudlaşdırmağa hazır olduğunu bildirib. Avropa ölkələri danışıqlara daxil edilmir.
Aytən Yaşar/ Turkustan.az