Rusiyanın Ermənistanla bağlı planlarının detalları yayılıb.
Turkustan.az xəbər verir ki, “Vedomosti” nəşri Kremlin daxili siyasət blokunda yeni prioritetlərin olduğunu yazır.
Nəşrin məlumatına görə, hazırda Ermənistanda informasiya işinə Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko və onun tabeliyində olan şəxslər cavabdehdirlər. Bu missiya ona Dmitri Kozakdan keçib. Daha əvvəl Kiriyenko Abxaziya, Cənubi Osetiya, Dnestryanı və Donbass qondarma “respublikalarına”, eləcə də Moldovaya nəzarət edirdi. İndi əsas işi Ermənistandır.
Mənbələrin bildirdiyinə görə, əsas məqsəd “yumşaq güc” mexanizmləri vasitəsilə Rusiyanın maraqlarını qorumaq və irəliyə aparmaqdır.
“Hazırda Ermənistanda heç bir seçki hədəfi yoxdur. Parlament seçkilərinə iki il qalıb. Kreml isə gündəmin müəyyənləşdirilməsinə və informasiya təsirinə fokuslanıb. Rusiya İrəvanda getdikcə artan Qərb təsirindən narahatdır, bunun qarşısını almaq istiqamətində işləyirlər. Ermənistanla bağlı işləri Prezident Administrasiyasının üç strukturu həyata keçirir: daxili siyasət (Andrey Yarin), sosial proseslərin monitorinqi və təhlili (Aleksandr Xariçev) və ictimai layihələr (Sergey Novikov). Rusiya hesab edir ki, hazırkı baş nazir Nikol Paşinyan 2026-cı il seçkilərində də böyük ehtimalla qalib gələcək. Kremlin də məqsədi hakimiyyəti dəyişmək yox, varlığını və təsirini qorumaqdır. Ermənistanda praktiki olaraq rusiyapərəst siyasətçi qalmayıb. Daxili siyasətdə Moskvanın keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyandan başqa fiqurları yoxdur”, - mənbə bildirib./publika.az