Donald Tramp Tuskaluzadakı Alabama Universitetində keçirilən buraxılış mərasimində çıxış edib.
Turkustan.az xəbər verir ki, seçkilərdə qalib gəlməyin ölkə üçün çox vacib olduğunu vurğulayan Tramp, prezidentliyinin ilk 100 günündə “ağıla gəlməyən” işlər gördüklərini bildirib.
Xüsusilə sərhəd təhlükəsizliyi ilə bağlı radikal addımlar atdıqlarını ifadə edən Tramp qeyri-qanuni immiqrant keçidlərini 99 faiz azaltdıqlarını bildirib.
ABŞ prezidenti belə danışıb:
"Xalq uğursuz sistemi rədd etdi, siz bunu seçkidə gördünüz. Biz sonsuz müharibələr, sonsuz borclar, açıq sərhədlər, dağıdıcı inflyasiya, ölkəmizə və onun liderlərinə hörmətsizlik məsələlərinin həllində mühüm addımlar atdıq. Biz Amerikanı çox tez yenidən möhtəşəm edəcəyik".
Prezidentliyini “sağ düşüncə inqilabının, qalib gələn inqilabın ortasındayıq” sözləri ilə xarakterizə edən Tramp məzun tələbələrə həmişə çox çalışmağı, heç vaxt təslim olmamağı və hədəflərini heç vaxt gözdən qaçırmamağı tövsiyə edib.
Tramp Alabama ştatının 2025-ci il məzunlarının Amerikanın gələcəyində parlaq yer tutacağını və gənc nəsillərin hər şeyə nail olmaq üçün istedad və imkanlara malik olduğunu bildirib.
Rəhbərlikdə etdikləri dəyişikliklərdən danışan ABŞ prezidenti çıxışını məzun olan tələbələrə uğurlar arzulayaraq yekunlaşdırıb.
Aytən Yaşar/ Turkustan.az