Rusiya Silahlı Qüvvələri hazırda hər ay təxminən 30 min yeni əsgər cəlb edir. Bu, 2023-cü ilin yay ayları ilə müqayisədə 5 min nəfər çoxdur. Avropa kəşfiyyat orqanlarının məlumatına əsasən, bəzi dövrlərdə bu rəqəm ayda 40 min nəfərə qədər arta bilər.
Bu proses Kremlinə təkcə cəbhədəki itkiləri kompensasiya etməyə deyil, həm də ölkə daxilində yeni hərbi hissələr yaratmağa imkan verir. Hazırda bu bölmələr təlim mərhələsindədir”.
Turkustan.az xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzetində dərc olunan məqalədə bildirilir.
Qeyd olunur ki, Rusiya Müdafiə Nazirliyi könüllülərin cəlb olunması üçün yüksək birdəfəlik mükafatlar təklif edir. Həmçinin gücləndirilmiş hərbi təbliğat da bu işdə mühüm rol oynayır. Bu iki amil birlikdə əsgərlərin sayının sürətlə artmasına səbəb olub.
Almaniyanın Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun tədqiqatçısı Yanis Klugenin hesablamalarına görə, Rusiya hər gün 2 milyard rubl (təxminən 21,5 milyon ABŞ dolları) məbləğində mükafat xərcləyir. Bunun 1,5 milyardı regional büdcələrdən, qalanı isə federal fondlardan ödənilir. Yerli hakimiyyətlər öz büdcələrinin 3%-ə qədərini əsgər cəlbi üçün sərf etməyə məcbur edilir
2024-cü ilin aprel ayından bəri hərbi cəlbetmə xərcləri beş dəfə artıb. Əgər bu templə davam edilsə, 2025-ci ilin sonuna qədər bu sahəyə 730 milyard rubl (təxminən 8,9 milyard dollar) xərclənəcək. Bu rəqəm Rusiya Federasiyasının ildə ali təhsilə ayırdığı vəsaitin yarısı, həmçinin “Sağlamlıq” adlı milli proqram üçün ayrılmış büdcənin iki qatıdır.
Məqalədə o da bildirilir ki, insan resursu böhranı fonunda, Rusiya işğal olunmuş Ukrayna ərazilərində evsiz insanları zorla orduya cəlb etməyə hazırlaşır. Bu barədə Ukraynanın Milli Müqavimət Mərkəzi açıqlama yayıb.
Bildirilir ki, kadr çatışmazlığı səbəbilə, işğalçılar evsizləri də Rusiya ordusuna cəlb etməyi planlaşdırır. Onların nə evi, nə sənədi, nə də vətəndaşlığı var.
Rusiya vətəndaşlıq statusu olmayan şəxslərin də orduya çağırılmasına imkan verəcək bir qanun üzərində işləyir. Mərkəz bunu “Black Mirror” serialının bir hissəsi deyil, real həyatda baş verən bir kabus kimi xarakterizə edir.
Aprel ayında Rusiya Prezidenti Vladimir Putin yarımillik səfərbərlik kampaniyasını genişləndirmək barədə fərman imzalayıb. Yeni hədəf orduya 160 min 18-30 yaşlı kişi cəlb etməkdir. Bu, ötən ilin yaz kampaniyasına nisbətən 10 min, üç il əvvəllə müqayisədə isə 15 min nəfər daha çoxdur.
ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) Rusiya üzrə aparıcı analitiki Corc Barros xəbərdarlıq edir ki, bütün bu səylərə baxmayaraq, Rusiya hazırkı siyasətini maksimum 12–16 ay saxlaya bilər.
Bu dinamika göstərir ki, Kreml orduya insan və maliyyə resursları baxımından tarixdə bənzəri olmayan bir təzyiq tətbiq edir. Lakin bu təzyiqin davamlı olub-olmayacağı hələ də sual altındadır. /AzPolitika.info/